"Allah babam, anam cənnətindədirsə, gizlət onu..."

"Allah babam, anam cənnətindədirsə, gizlət onu..." Sosial

Sığınacaqda yaşayan 9 qızın həyat hekayəsi sosial şəbəkələrdə diqqət çəkib.

News24.az xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.

Bildirilib ki, qızların analarından 5-i müxtəlif səbəblərdən vəfat edib, 4 qızın anası isə ataları tərəfindən qətlə yetirilib.

Paylaşımda qızlardan birinin dünyasını dəyişən anası ilə bağlı sözlərinə də yer verilib. Onun anasına müraciəti xüsusilə diqqət çəkib:

“Ana... Doğrudan o səni öldürüb? Yoxsa ölməmək üçün qaçıb gizlənmisən? Ana... Qoxun gəlmir neçə vaxtdır... Saçlarımı darayardın... Yıxılanda ‘Allah məni öldür!’ deyib yerdən qaldırardın... Yaralarımı sığallayardın, öpərdin...

Səmaya baxaraq saçın hörürdü... Susub-susub üzünü Allaha tutdu: ‘Allah baba, cənnətində analar var... Anam ordadırsa, gizlət anamı... Qatili atam gəlib orada tapar anamı...’”

Paylaşımın sonunda qızların saçlarını bu səhər sığınacaq əməkdaşlarının hördüyü bildirilib.