AQTA-dan XƏBƏRDARLIQ: "Qaydalara əməl etməyən məntəqələr bağlanacaq"
Sosial
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkə ərazisində fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində növbəti genişmiqyaslı monitorinq və qiymətləndirmə tədbirləri həyata keçirilib.
News24.az xəbər verir ki, AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən "Unikal"a aparılan yoxlamalar zamanı respublika üzrə fəaliyyət göstərən 84 heyvan kəsimi məntəqəsindən 27-nin sanitar-gigiyenik və sanitar-texniki vəziyyəti qənaətbəxş hesab olunduğu bildirilib. 47 məntəqədə vəziyyət qismən qənaətbəxş, 10 məntəqədə isə tam qeyri-qənaətbəxş kimi müəyyən edilib. Monitorinq zamanı baytarlıq-sanitariya və sanitariya-gigiyena normativlərinin pozulduğu məntəqələrin sahibkarlarına nöqsanların qısa müddətdə aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib. AQTA xəbərdarlıq edir ki, təyin olunmuş vaxt ərzində müəssisəsini texniki və sanitar normativlərə uyğunlaşdırmayan, eləcə də qanunvericiliyin tələblərini pozmaqda davam edən kəsim məntəqələrinin fəaliyyəti dayandırılacaq.
Heyvan kəsimi məntəqələrinin müasir standartlara cavab verməsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”na əsasən heyvanların identifikasiyası və izlənməsi sisteminin qurulması, həmçinin “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli 199 nömrəli Sərəncamından irəli gələn tapşırıqların icrası baxımından strateji əhəmiyyət kəsb edir.
Müasir kəsim məntəqələrinin mövcudluğu, identifikasiya olunmuş, mənşəyi və baytarlıq keçmişi məlum heyvanların kəsiminə zəmin yaradan əsas amildir. İdentifikasiya olunmamış heyvanların kəsim məntəqələrindən kənarda kəsilməsi isə əhalinin sağlamlığı üçün ciddi risk yaradır. Bu baxımdan standartlara cavab verən kəsim məntəqələrinin fəaliyyəti həm heyvanların identifikasiya və izlənmə sisteminin uğurlu qurulması, həm də ölkədə qanunsuz heyvan kəsiminin qarşısını almaq üçün ən effektiv alətdir.
Monitorinqlərin nəticələri göstərir ki, hazırda respublikanın 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Kəsim infrastrukturunun olmaması həmin ərazilərdə heyvanların identifikasiyası mexanizminin tam tətbiqinə mane olur və qanunsuz kəsim riskini artırır. Bu səbəbdən həmin rayonlarda əhalinin təhlükəsiz ət məhsulları ilə təmin olunması və qanunsuz kəsimin köklü şəkildə aradan qaldırılması üçün müasir kəsim məntəqələrinin yaradılması vacibdir.
AQTA fəaliyyət göstərən və ya yeni fəaliyyətə başlamaq istəyən sahibkarları qeyd olunan rayonlarda müasir və sanitar normativlərə cavab verən heyvan kəsimi məntəqələrinin qurulmasına çağırır. Agentlik bu istiqamətdə sahibkarlara lazımi metodiki, təşkilati və texniki dəstəyi göstərməyə hazırdır.
Əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi istiqamətində nəzarət tədbirləri davam etdirilməkdədir. Qanunsuz kəsim və ya sanitar qaydaların pozulması halları ilə qarşılaşdıqda vətəndaşlardan Agentliyin "1003 – Çağrı Mərkəzi"nə məlumat vermələri xahiş olunur.
Qeyd edək ki, hazırda ölkə üzrə 98 kəsim məntəqəsindən 84-ü fəaliyyət göstərir.