"ASAN”da kadr seçimi necə aparılır? - Agentlik sədri açıqladı

"ASAN”da kadr seçimi necə aparılır? - Agentlik sədri açıqladı Sosial

"Əgər biz yüksək vətəndaş məmnunluğundan danışırıqsa, bu, "ASAN"da işləyən əməkdaşlarımızın peşəkarlığıdır, onların yanaşmasıdır. “ASAN xidmət” vətəndaş üçün asandır, burada çalışan üçün isə çətindir. Çünki biz hər gün 40 min vətəndaş qəbul edirik. Hər bir vətəndaşla nəzakətli davranmalı, gülərüz olmalıyıq, kaprizlərə müəyyən mənada dözməliyik. Çünki vətəndaş dövləti dövlətin xidmətinə ehtiyacı yarananda hiss edir".

News24.az xəbər verir ki, bu fikirləri Teleqraf İnformasiya Agentliyi və Baku TV-yə müsahibəsində Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ( "ASAN xidmət ") sədri Ülvi Mehdiyev deyib.

Agentliyin sədri kadr siyasətindən danışarkən bildirib ki, “ASAN xidmət”ə əməkdaş seçimi zamanı peşəkar bilik və təcrübə ilə yanaşı, dövlətinə və xalqına sədaqət əsas meyarlardan biridir.

"Mərkəzdə məlumat köşkündə əyləşən əməkdaş vətəndaş üçün dövlətin bir simasıdır. Əgər o əməkdaş vətəndaşına doğru yanaşma sərgiləməsə, suallara cavab verməsə, gülərüz olmasa, get-gələ salsa, vətəndaşın gözündə dövlət necə təsəvvür olunacaq, bilirsiniz. Bunun əksi olaraq gülərüz qarşılamaq, suallara ətraflı cavab vermək, nəzakətli qarşılayıb yola salmaq artıq vətəndaşın gözündə həm də dövlətin müsbət imicini formalaşdırır. Ona görə də “ASAN xidmət”də çalışmaq üçün yüksək səbir, əzm və təmkin tələb olunur.

“ASAN xidmət”ə işə qəbul “Dövlət qulluğu haqqında" qanunla tənzimlənir. "ASAN xidmət"in öz əməkdaşları ilə yanaşı digər orqanların əməkdaşları da xidmət göstərir.

Bunlar fərqlidir, düzdür, hər biri standartlara uyğun xidmət göstərməlidir, vahid bir yanaşma var. Amma söhbət bizim birbaşa işə götürdüyümüz əməkdaşlardan gedirsə, bu, dövlət qulluğu vasitəsilə tənzimlənir və biz təbii ki, ilk növbədə dövlətini, xalqını, millətini sevən, sədaqətli və professional biliklərə, təcrübəyə malik olan şəxsləri seçməyə üstünlük veririk", - Ü. Mehdiyev qeyd edib.