Avtobuslardakı USB-lər niyə sıradan çıxır? – Sərnişinlər cəzalandırıla bilər

Avtobuslardakı USB-lər niyə sıradan çıxır? – Sərnişinlər cəzalandırıla bilər   Sosial

Paytaxtda hərəkət edən bir çox avtobuslarda sərnişinlərin telefonlarının enerji yığması üçün "USB" girişləri quraşdırılıb. Lakin bu imkan bütün avtobuslarda yoxdur. Bu cihazlara daha çox “Baku Bus”un və “Faiqoğlu”nun nəzarətində olan avtobuslarda rast gəlirik. Onların da bir çoxu artıq sıradan çıxarılıb. Bunun başlıca səbəbkarı bəzi sərnişinlərdir ki, onlar həmin şarj girişlərinə kağız, salfet və digər əşyalar salaraq avadanlıqları sıradan çıxarırlar.

Bəs şəhərdəki digər avtobus xətlərində niyə bu imkan yaradılmayıb? Eyni zamanda marşrut avtobuslarında avadanlıqlara qarşı bu cür məsuliyyətsiz davranan sərnişinlərə görə cərimənin tətbiq olunması və sıradan çıxan "USB"lər niyə təmir olunmaması da sual doğurur.

News24.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyir ki, avtobuslarda şarj yerləri məhdud sayda yerləşdirilir: “Bu imkan bütün sərnişinlərin avtobusda telefonlarının enerji yığması üçün nəzərdə tutulmayıb. Uzaq məsafəli səfərlər zamanı ehtiyac yarandıqda və boşluq olduqda sərnişinlərin istifadəsi üçün düşünülüb. Avtobusların kütləvi şəkildə bu cihazla təmin edilməsi və bütün vətəndaşların bundan istifadəsi ilə bağlı hər hansı qayda müəyyənləşdirilməyib. Bu, zərurət yarandığı hallarda yararlanacaq bir mexanizmdir. Bütün avtobusların bu sistemlə təmin edilməsi praktik olaraq mümkün deyil”.

Ekspertin sözlərinə görə, məsuliyyətsiz sərnişinlər tərəfindən avadanlıqların sıradan çıxarılması və ya onlara müdaxilə hallarına rast gəlmək mümkündür: “Bu, artıq əmlaka ziyan vurmağa görə məsuliyyət yaradır. Şirkətlər bununla bağlı özləri müəyyən mexanizmlər tətbiq edə bilərlər. Bunun üçün avtobuslarda kameralar quraşdırılır. Həmin kameralar vasitəsilə qeydə alınan görüntülər polisə təqdim edilə və bu şəxslərin məsuliyyətə cəlb olunması təmin edilə bilər”.