113 nömrəli marşrutla bağlı narazılıq: Daşıyıcıya xəbərdarlıq edildi
Sosial
Əmircan qəsəbəsinin sakinləri 113 nömrəli avtobus marşrutunun fəaliyyətindən narazıdırlar.
Sakinlərin sözlərinə görə, son bir ay ərzində sözügedən marşrut üzrə avtobuslar 30-45 dəqiqə intervalla hərəkət edir. Bu da ciddi narahatlığa, avtobusda sıxlığa və sərnişinlərin mənzil başına yubanmasına səbəb olur. Onlar, həmçinin marşrut xəttində köhnə avtobuslardan istifadə olunduğunu da vurğulayıblar.
Məsələ ilə bağlı News24.az- ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, 113 nömrəli marşrut üzrə daxil olan müraciətlər əsasında araşdırma aparılıb və marşrutun fəaliyyətində müəyyən nöqsanlar aşkarlanıb:
"Daşıyıcıya avtobus parkının yenilənməsi və sayının artırılması tapşırılıb. Daşıyıcı tərəfindən avtobus parkının yenilənməsi və avtobusların alınmasının nəzərdə tutulduğu, bu istiqamətdə iş aparıldığı bildirilib.
Ümumilikdə daşıyıcıya nizamlı fəaliyyətin təmin edilməsi, sərnişindaşıma qaydalarına və hərəkət cədvəlinə riayət edilməsi, sürücülərin məlumatlandırılması, müəyyən edilmiş dayanacaqlarda saxlaması və nəzarətin artırılması ilə bağlı bir daha tapşırıqlar verilib".