Azərbaycan və Türkiyə şəhid ailələrinin "Qardaşlıq görüşü" keçirildi
Sosial
"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Türkiyə Respublikası Ailə və Sosial Xidmətlər Nazirliyinin Şəhid Yaxınları və Qazilər Baş İdarəsinin birgə təşkilatçılığı, "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin tərəfdaşlığı ilə 5-10 oktyabr tarixlərində Ankara və Konya şəhərlərində reallaşan "Qardaşlıq görüşü" uğurla yekunlaşıb.
News24.az xəbər verir ki, 5 gün davam edən genişmiqyaslı proqram çərçivəsində 25 nəfərlik azərbaycanlı şəhid ailələrindən ibarət nümayəndə heyəti dövlət rəsmiləri və şəhid ailələrini birləşdirən ictimai təşkilatlarla görüşlərdə iştirak edib, tarixi-mənəvi dəyər daşıyan məkanları ziyarət ediblər.
Ankarada keçirilən proqram çərçivəsində nümayəndə heyəti ilk olaraq Anıtqəbiri ziyarət edərək Mustafa Kemal Atatürkün xatirəsini yad edib. Ankara səfəri müddətində şəhid ailələri Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş, Şəhid Yaxınları və Qazilər Baş İdarəsinin Baş direktoru Muharrem Kurt, eləcə də Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanov tərəfindən rəsmi qəbul ediliblər. Keçirilən görüşlərdə mənəvi birliyin qorunması və gələcək birgə layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb.
Ankara proqramı çərçivəsində qonaqlar Ankara Qalası, Hamamönü, Tacəddin Dərgahı, "50-ci il Parkı", Etimesgut Türk Tarix Muzeyi və Parkı, həmçinin Prezident Külliyəsi ərazisində yerləşən Millət Kitabxanası, Millət Məscidi, 15 İyul Demokratiya Muzeyi və Abidəsini, Qurtuluş Savaşı Muzeyini və Hacı Bayram Vəli Məscidini ziyarət ediblər.
Ankarada layihə çərçivəsində keçirilən təntənəli "Qardaşlıq görüşü" tədbirində çıxış edən "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova layihənin şəhid ailələri arasında mənəvi bağların və həmrəyliyin möhkəmlənməsindəki mühüm rolunu vurğulayıb, bu kimi təşəbbüslərin gələcəkdə də davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Layihə çərçivəsində nümayəndə heyəti Konya şəhərində də olublar. Səfər zamanı nümayəndə heyəti Mövlana Muzeyi və Türbəsini, Konya Şəhidlik Muzeyini, İstiqlal Hərb Şəhidləri Abidəsini, Sille kəndini, Tropik Kəpənəklər Bağçasını, Aya Elenia və Panorama Konya muzeylərini gəziblər.
Səfər çərçivəsində Konya Valiliyində rəsmi görüş keçirilib. Akyokuş Qəsrində bələdiyyə başçısı Uğur İbrahim Atayın ev sahibliyi ilə hər iki ölkənin şəhid ailələrinin iştirakı ilə şam yeməyi təşkil olunub.