Azərbaycanda bacı-qardaş evliliyi ola bilər
Sosial
Qohum nikahlarından doğulan uşaqlarda aşkarlanan irsi xəstəliklərlə bağlı vaxtaşırı xəbərdarlıqlar edilir. Artıq dövlət bu tip evliliklərin qarşısını almaq üçün hüquqi addımlar atır. Paralel olaraq, follikul donorluğun da genetik təhlükələri diqqət çəkir. Bildirilir ki, sözügedən proses nəzarətsiz qalarsa, gələcəkdə bir-birindən xəbərsiz bioloji bacı və qardaşların evlənmə riski yarana bilər.
Follikul donorluğuna nəzarət gücləndirilməli və bu sahədə müəyyən qadağalar tətbiq olunmalıdırmı?
Globalinfo.az-a danışan Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Rəşad Mahmudov deyib ki, istər qohum nikahları, istərsə də reproduktiv tibb vasitəsilə həyata keçirilən donor proqramları birbaşa cəmiyyətin genetik sağlamlığı ilə əlaqəlidir.
“Qohum nikahlarının yaratdığı tibbi risklər yalnız Azərbaycana deyil, bütün dünyaya aid olan, elmi əsaslarla sübut edilmiş bir reallıqdır. Bu səbəbdən dövlətin bu istiqamətdə atdığı profilaktik və maarifləndirici addımlar tamamilə əsaslıdır və dəstəklənməlidir. Eyni zamanda süni mayalanma və donor follikul istifadəsi sahəsi də ciddi etik və hüquqi çərçivələrlə tənzimlənməlidir. Burada şəffaflıq və nəzarət zəif olarsa, donorların çoxsaylı istifadəsi nəticəsində gələcəkdə bir-birindən xəbərsiz genetik qohumların ailə qurması ehtimalı yaranır. Bu da genetik və psixoloji baxımdan ciddi fəsadlara yol aça bilər”.
Rəşad Mahmudovun fikrincə, bu sahəyə dövlət nəzarəti artırılmalı və hüquqi mexanizmlər formalaşdırılmalıdır:
“Bir həkim və qanunverici orqanın nümayəndəsi olaraq hesab edirəm ki, follikul donorluğu üzrə milli qeydiyyat sistemi yaradılmalı, donor sayı və istifadəsinə limitlər qoyulmalıdır. Həmçinin dövlət hər bir tibbi mərkəzin bu sahə üzrə fəaliyyətini izləməlidir”.