Azərbaycanda iş bazarında gözlənilməz mənzərə: İllər sonra tendensiya dəyişdi

Azərbaycanda iş bazarında gözlənilməz mənzərə: İllər sonra tendensiya dəyişdi Sosial

Azərbaycanda 15–29 yaş aralığında olan məşğul qadınların sayı kişiləri üstələsə də, gənc qadınlar işsizlik baxımından daha çətin vəziyyətlə üzləşirlər. İşsizlik göstəricilərində fərqli mənzərə müşahidə edilir. Gənc qadınlar arasında işsizlik səviyyəsi 9,1 faiz olduğu halda, kişilər arasında bu göstərici 7,6 faiz təşkil edir.

2025-ci ilin statistik göstəricilərinə əsasən, ölkədə məşğul olan gənc qadınların sayı 547,9 min, kişilərin sayı isə 537,6 min nəfər olub. Beləliklə, işləyən gənc qadınların sayı kişilərdən 10,3 min nəfər çoxdur.

Bəs işləyən gənc qadınların sayının kişilərdən çox olmasına baxmayaraq, qadınlar arasında işsizlik səviyyəsi niyə daha yüksəkdir? Gənc qadınların əmək bazarına çıxışında hansı problemlər mövcuddur və bu fərqin əsas səbəbləri nələrdir?

Məsələ ilə bağlı News24.az-a danışan sosioloq Naib Niftəliyev bildirib ki, qadınların əmək bazarında fəal iştirak etməsi və müxtəlif sahələrdə çalışması müsbət tendensiyadır. Onun sözlərinə görə, qadınların məşğulluğunun artması cəmiyyətdə əmək münasibətlərinin dəyişdiyini və qadınların iqtisadi fəallığının yüksəldiyini göstərir:

"Əmək bazarında qadınlarla kişilərin məşğulluq göstəriciləri arasındakı fərqin səbəbləri də araşdırılmalıdır. Əslində, qadınların işləməsində, çalışmasında qeyri-adi heç nə yoxdur. Bu, müsbət tendensiyadır. Müxtəlif sahələrdə çalışan qadınların sayının artması onların əmək bazarında, iqtisadi və ictimai həyatda daha fəal iştirak etdiyini göstərir. Lakin burada diqqətçəkən məqam bəzi peşələrdə qadınlara, digərlərində isə kişilərə üstünlük verilməsi ilə bağlı yanaşmalardır. Müəyyən sahələrdə kişilərin, başqa sahələrdə isə qadınların daha uğurlu olacağına dair stereotiplər mövcuddur. Bu cür yanaşmalar bəzən işə qəbul prosesinə də təsir göstərir".

Sosioloqun sözlərinə görə, qadınların məşğulluq göstəricilərinin kişilərdən yüksək olmasına təsir edən amillərdən biri də işəgötürənlərin seçim meyarları və namizədlərin əməkhaqqı ilə bağlı gözləntiləridir. O bildirib ki, bəzi kişilər daha yüksək əməkhaqqı və uyğun iş şəraiti tələb etdikləri üçün müəyyən vakansiyaları qəbul etməyə bilər:

"Qadınlar isə bəzən nisbətən aşağı əməkhaqqı təklif olunan işlərdə çalışmağa razılaşırlar. Bu da işəgötürənlərin seçimlərinə təsir göstərə bilər. Bəzi hallarda qadınlar orta və ya aşağı əməkhaqqı təklif olunan işlərə razılaşırlar. Onlar həmin iş vasitəsilə öz büdcələrini formalaşdırmağa, şəxsi gəlirlərini artırmağa çalışırlar. Kişilərin bir qismi isə iş seçərkən əməkhaqqına, iş şəraitinə və digər tələblərə daha çox diqqət yetirir. Nəticədə işəgötürənlərin seçimində qadınlara üstünlük verilən hallar yarana bilər. Ancaq bunu bütün qadınlara və kişilərə şamil etmək düzgün olmaz. Hər bir insanın iş seçimində fərqli gözləntiləri və imkanları var”.