Azərbaycanda qüsurla doğulan uşaqların sayı açıqlandı - RƏSMİ
Sosial
Bakının Sabunçu rayonunda yerləşən tibb müəssisələrinin birində anadangəlmə yuxarı ətrafları (qolları) olmayan körpə dünyaya gəlib. Doğuşdan sonra körpənin anası övladından rəsmi şəkildə imtina edib. Azyaşlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinə verilib. Baş vermiş hadisə Azərbaycanda anadangəlmə qüsurlu doğulan körpələrinin sayı ilə bağlı mövzunu da gündəmə gətirib.
Məsələ ilə bağlı News24.az Dövlət Statistika Komitəsinə sorğu ünvanlayıb. Qurumdan Azərbaycanda yeni doğulan körpələr arasında müxtəlif xəstəliklər səbəbindən qüsurlu doğulan uşaqların statistikası açıqlanıb.
Bildirilib ki, 2025-ci ildə həyatının birinci ilində uşaqlarda anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozuntuları diaqnozu ilə 611 uşaq qeydə alınıb.
Məlumatlara əsasən, 2024-cü ildə bir yaşadək uşaqlar arasında hər 1000 körpənin 5,1-də anadangəlmə anomaliya qeydə alınıb. Müqayisə üçün, 2020-ci ildə bu göstərici 2,6, 2021-ci ildə 2,1, 2022-ci ildə 2,9, 2023-cü ildə isə 3,9 olub.
Beləliklə, 2024-cü ildə bir yaşadək uşaqlarda anadangəlmə anomaliyaların göstəricisi əvvəlki illərlə müqayisədə yüksəlib.
Ümumilikdə isə 2024-cü ildə həyatının ilk ilində olan körpələr arasında hər 1000 nəfərə 657,4 xəstəlik halı düşüb. Ən yüksək göstərici isə tənəffüs orqanlarının xəstəlikləri üzrə 289,7 hal olub.