Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirdi
Sosial
2026-cı il oktyabrın 20-də “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin təşkilatçılığı ilə Belçika Krallığının paytaxtı Brüssel şəhərində Avropa Parlamentinin qarşısında - “Place du Luxembourg” meydanında bir qrup azərbaycanlı itkin ailəsi etiraz aksiyası keçirib.
News24.az xəbər verir ki, bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məlumat yayıb.
Aksiyada etiraz bəyanatı oxunub. Bəyanatda deyilir: “Biz Avropa İttifaqı institutlarının yerləşdiyi bu şəhərdə 30 ildən çoxdur doğmalarından xəbər ala bilməyən ailələrin, illərdir qapısı döyülməyən evlərin, övlad yolunu gözləyən anaların və valideyninin üzünü xatırlamayan uşaqların səsiyik. Ermənistanın Azərbaycan ərazilərini işğalı zamanı 4.010 azərbaycanlı itkin düşüb. Onlar arasında 71 uşaq, 288 qadın və 319 ahıl şəxs olub. Hər rəqəmin arxasında bir insan həyatı, cavabsız qalan suallar dayanır. Sülh gündəliyinin irəlilədiyi bir dövrdə itkinlərin taleyinə aydınlıq gətirilməsi xüsusi əhəmiyyət daşıyır. Davamlı sülh yalnız dövlətlər arasında deyil, insanların həyatında da hiss olunmalıdır”.
Bəyanatda o da vurğulanıb ki, bu günədək işğaldan azad edilmiş Azərbaycan ərazilərində 32 kütləvi məzarlıq aşkarlanıb. Məhkəmə-genetik ekspertizalar nəticəsində 328 itkinin kimliyi müəyyən edilib, 273 nəfərin nəşi ailələrinə təhvil verilib: “Bu nəticələrin hər biri qeyri-müəyyənliyin aradan qaldırılması yolunda mühüm addımdır. Amma hələ də gözüyolda olan ailələr var. Onlar həqiqəti bilmək istəyir! İstəkləri Ermənistan tərəfindən mövcud məlumatların və arxivlərin açıqlanması, kütləvi məzarlıqlar və itkinlərin sonrakı taleləri barədə məlumatların təqdim edilməsidir”.