Bahalaşan toy bazarı: Monqol əti, azalan menyular və ixtisara düşən müğənnilər

Bahalaşan toy bazarı: Monqol əti, azalan menyular və ixtisara düşən müğənnilər Sosial

Məhərrəm ayının bitməsi ilə Azərbaycanda toyların keçirilməsinə start verilib.

News24.az xəbər verir ki, “Haqqın.az” toy bazarında və restoranlardakı qiymətlərlə bağlı araşdırma aparıb.

Araşdırmaya görə, şadlıq sarayları toy sifarişlərini hələ bir neçə ay əvvəl qəbul edir. Buna görə də şadlıq saraylarının əksəriyyətində hələlik qiymətlərdə dəyişiklik yoxdur. Bununla belə, şadlıq saraylarının işçiləri etiraf edib ki, son 1-2 ildə qiymətləri ən azı 15-20 faiz artırmağa və mövsümü başa vurmaq üçün xərcləri azaltmağa məcbur olublar.

Restoranda çalışan və adını açıqlamaq istəməyən əməkdaşlar deyib ki, müştərilər hazırkı qiymətlərdən məmnun deyilər. Bununla yanaşı, restoranlarda qiymətlərin bahalaşması ilə bağlı xəbərlər onları toy keçirmək fikrindən daşındıra və vəziyyəti daha da çətinləşdirə bilər:

“Cənnət Sarayı” şadlıq sarayının əməkdaşı xərclərin artması səbəbindən gəlirin azaldığını bildirib. Onun sözlərinə görə, hazırda qiymətləri artırmaq istəmirlər, çünki mövcud menyu bir çox insan üçün əlçatmazdır.

“Hollywood Sarayı”nda isə gəlirin ən azı yarıbayarı azaldığını bildiriblər: “Düşünün, əvvəllər 10 manat qazanırdıqsa, indi işin davam etməsi üçün 3 manatla kifayətlənirik”.

“Flaminqo” şadlıq sarayından bildirilib ki, yerlər hələ üç ay əvvəl rezervasiya edilib. Toy sahiblərindən əvvəlcədən ödəniş alınıb və hazırlıqlara başlanılıb. Buna görə də, ərzaq məhsulları bahalaşsa belə, artıq qiymətləri artırmaq mümkün deyil.

Şadlıq saraylarından birinin əməkdaşı Elçin Əliyev də qeyd edib ki, əvvəllər ayda 800-1000 manat qazana bildiyi halda, indi ona cəmi 600 manat ödənilir. Zal xərclərin artmasını ofisiantların, xadimələrin və digər əməkdaşların maaşlarını azaltmaqla kompensasiya edir.

“Menyu qiymətləri artırılmayıb, amma masadakı yeməklərin sayı azaldılıb. Əvvəllər yerli heyvanların ətindən istifadə olunurdusa, indi daha ucuz olması üçün Monqolustandan və digər ölkələrdən gətirilən dondurulmuş ətdən istifadə edilir”, – E. Əliyev deyib.

Digər əməkdaş qeyd edib ki, təkcə ərzaq məhsulları deyil, müğənnilər və aparıcılar da xidmət haqlarını artırıblar. Foto və video çəkilişlərin, rəqs kollektivlərinin xidmətlərinin qiyməti də yüksəlib.

“Əvvəllər toya iki-üç rəqs kollektivi və iki müğənni – kişi və qadın dəvət olunurdusa, indi bir müğənni ilə kifayətlənirlər. Kaş yalnız ərzaq bahalaşaydı. Təmizlik vasitələrindən kommunal xidmətlərə qədər hər şeyə çəkilən xərclər minimum 30-40 faiz artıb. İşçilərin sayını azaltmaq da mümkün deyil. Toy sahibləri qiyməti aşağı salmaq üçün menyudan bir neçə yeməyin çıxarılmasını tələb edirlər, amma masaları yenə də doldurmaq lazımdır”, – deyə həmsöhbət bildirib.

Şadlıq saraylarından birinin administratoru İlqar Hacıyev bildirib ki, onların müəssisəsində menyu 100 manatdan başlayır. Bununla belə, o etiraf edib ki, 4-5 il əvvəl 50-70 manatlıq menyular daha müxtəlif və zəngin olurdu.

Şadlıq saraylarının nümayəndələrinin dediklərindən belə nəticəyə gəlmək olar ki, menyunun orta qiyməti təxminən 70 manatdan başlayır, məkandan, qonaqların sayından və menyunun tərkibindən asılı olaraq 500 manata qədər yüksələ bilir.

Beləliklə, hələlik qiymətləri artırmayan restoranlar artan xərcləri menyuda dəyişikliklər etməklə kompensasiya etməyə çalışırlar. Lakin bir çoxları artıq proqnozlaşdırır ki, gələn il qiymət artımı qaçılmaz olacaq.