Bahalı buketlər və valideyn rəqabəti: Müəllimə hədiyyə necə olmalıdır?
Sosial
Hər yeni tədris ili başlayan kimi müəllimlərə gül və bahalı hədiyyələrin verilməsi məsələsi gündəmə gəlir. Elm və Təhsil Nazirliyi dəfələrlə valideyn və şagirdlərə müəllimlərə belə hədiyyələr bağışlamağı, bahalı gül dəstələri verməyi qadağan etsə də, bunun qarşısını tam almaq mümkün olmur.
Xüsusilə, 15 sentyabr günü gül mağazalarının qarşısında “iynə atsan, yerə düşmür”. Hətta bəzi hallarda bu, valideynlər arasında bir rəqabətə dönüşür.
Maraqlıdır, bəs müəllimə gül bağışlamaq ənənəsinə necə yanaşmaq lazımdır? Bahalı buketin verilməsi doğrudanmı yolverilməzdir?
Mövzu ilə bağlı News24.az-a fikirlərini bölüşən millət vəkili Ceyhun Məmmədov bildirib ki, ümumiyyətlə müəllimə bahalı hədiyyə, dəbdəbəli gül dəstələri vermək məsələsində bir neçə tərəfin üzərində məsuliyyət var: “Məsuliyyəti yalnız müəllimlər daşımır. Artıq dəfələrlə Elm və Təhsil Nazirliyi bu məsələ ilə bağlı ardıcıl və sistemli açıqlamalar verir. Davamlı olaraq bildirirlər ki, bu cür hədiyyələrə və bu kimi hallara son qoymaq lazımdır. Belə addımlar və yanaşmalar qəbuledilməzdir. Çünki təəssüf ki, bəzən valideynlərin özləri də bu məsələdə maraqlı olurlar və belə hədiyyələr təqdim etməyə çalışırlar. Ona görə də, hesab edirəm ki, prosesin bu istiqamətdə davam etməməsi üçün valideynlər də kifayət qədər məsuliyyət daşıyırlar və bu məsələyə diqqətli yanaşmalıdırlar”.
Deputat Fazil Mustafa isə qeyd edib ki, müəllimə hədiyyə, gül dəstəsi bağışlamaq və ya ona hansısa formada dəstək göstərilməsi məsələsi cəmiyyətdə çox şişirdilir: “Müəllim cəmiyyətdə ən çox əzilən və hədəfdə olan təbəqədir. Cəmiyyətdə yüzlərlə mənasız yerə vəsait xərclənildiyi halda, müəllimə dəstək məqsədilə verilən hədiyyəni böyük bir problem kimi təqdim etmək doğru deyil. Əksinə, çalışmaq lazımdır ki, hamı müəllimə dəstək versin, müəllimi ayaqda tutsun. Əgər müəllim tərəfindən bununla bağlı hər hansı məcburiyyət yoxdursa, belə bir tələb irəli sürülmürsə, bu məsələni şişirtməyə ehtiyac yoxdur”.
Millət vəkilinin sözlərinə görə, əgər hansısa müəllim və ya direktor valideyndən bunu tələb edərsə, buna hər hansı məcburiyyət varsa, bu, qınanıla, hüquqi baxımdan da qiymətləndirilə bilər. Amma kimlərsə könüllü şəkildə müəllimə dəstək vermək istəyirsə və buna imkanı çatırsa, bunu böyük bir problemə çevirmək, cəmiyyətin məsələsi kimi təqdim etmək yanlışdır. “Müəllimə filan hədiyyə verildi” deyə bunu böyük bir problemə çevirmək düzgün yanaşma deyil. Qeyd etdiyim kimi, cəmiyyətdə yüzlərlə mənasız yerə xərclənən vəsait var. Restoranlarda, müxtəlif məclislərdə boş yerə böyük məbləğlər verilir. Müəllimə edilən könüllü dəstəyi isə mən bəlkə də bunun ən halal tərəfi hesab edirəm.
Cəmiyyət bütövlükdə müəllimə dəstək verməlidir. Müəllimi ayaqda saxlamaq, onu müəyyən qayğılardan mümkün qədər azad etmək lazımdır ki, o, öz işini normal şəkildə görə, dərs deyə və öyrədə bilsin. Biz müəllimin adını belə məsələlərdə çox hallandırmağa çalışmamalıyıq. Çünki indiki reallıqlarda ən çox əziyyət çəkən peşə sahiblərindən biri müəllimlərdir. Bunu nəzərə almasaq, müəllimin nüfuzuna zərbə vurmuş olarıq”.