Bakıda bu tələbələrə ev verilmir - ŞOK SƏBƏB

Bakıda bu tələbələrə ev verilmir - ŞOK SƏBƏB Sosial

Universitetlərdə yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Tələbələrin dərsə hazırlığı ilə yanaşı, xüsusilə başqa şəhərdən paytaxta gələnlər üçün yaşayış yeri məsələsi də yenidən gündəmə gəlib. Kirayə mənzil bazarında isə oğlan tələbələr üçün vəziyyətin daha çətin olduğu görünür.

Belə ki, elan saytlarında yerləşdirilən bir sıra mənzillərin kirayə şərtlərində yalnız qızlara və ya ailələrə üstünlük verildiyi, oğlan tələbələrə isə ev verilmədiyi qeyd olunur. Bu vəziyyət kirayə ev axtaran oğlan tələbələr arasında narazılıq yaradır.

Bəs oğlan və qız tələbələr arasında niyə fərq qoyulur?

Məsələ ilə bağlı News24.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, kirayə mənzil bazarında tələbat yüksək, təklif isə nisbətən azdır.

Onun sözlərinə görə, ev sahibləri mənzillərini kirayə verərkən qızlara daha çox üstünlük verirlər:

"Bunun əsas səbəblərindən biri qızların kirayə qaldıqları mənzili daha səliqəli və təmiz saxlamaları ilə bağlı formalaşmış praktikadır. Kirayə verən ev sahibi adətən əmindir ki, mənzili qızlara verdikdə onu daha yaxşı vəziyyətdə saxlayacaqlar. Çünki praktikada qızların evin təmizliyinə və səliqəsinə daha çox diqqət yetirdiyi müşahidə olunur. Xalça-palazın, əşyaların və digər məişət detallarının qorunmasına daha məsuliyyətli yanaşırlar”.

İqtisadçı qeyd edib ki, oğlanlarla bağlı isə ev sahiblərinin müəyyən stereotipləri mövcuddur:

“Bəzi hallarda oğlanların evdə daha səs-küylü olması, mənzilin təmizliyinə və səliqəsinə kifayət qədər diqqət yetirməməsi ilə bağlı yanaşma var. Praktika da müəyyən hallarda bunu göstərir. Bu baxımdan ev sahibləri qızlara daha çox üstünlük verirlər”.

O qrup halında kirayə qalanlar arasında da fərq olduğunu bildirib. Onun sözlərinə görə, bir neçə qızın birlikdə kirayə qalması zamanı ev sahibləri onları daha məsuliyyətli hesab edirlər:

“Qrup şəklində qalan qızlarla qrup şəklində qalan oğlanlar arasında da fərq müşahidə olunur. Qızlar çox vaxt mənzilin qorunmasına və səliqəsinə daha məsuliyyətli yanaşırlar. Buna görə də ev sahiblərinin seçimində qızlara üstünlük verilməsi halları daha çoxdur”.