Bakıda ictimai nəqliyyatda yaşıl dönüş – yeni hədəf müəyyənləşdi
Sosial
Azərbaycanın ictimai nəqliyyat sektorunda "brutto müqavilə sistemi"nə keçid prosesi bilavasitə ekoloji təmiz avtobusların istifadəsi ilə bağlıdır.
News24.az xəbər verir ki, bu barədə "Report"a müsahibəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.
Onun sözlərinə görə, ekoloji təmiz avtobus dedikdə, elektrik enerjisi və ya sıxılmış təbii qazla (CNG) hərəkət edən nəqliyyat vasitələri nəzərdə tuturuq: "İki mexanizmdən istifadə edirik: birinci mexanizm ondan ibarətdir ki, gediş haqqının artırıldığı marşrutlar ancaq ekoloji təmiz marşrutlardır, yəni köhnə marşrutlarda bu dəyişiklik aparılmır. Daşıyıcı əgər daha yüksək gediş haqqı ilə fəaliyyət göstərmək istəyirsə, avtobus parkını yeniləməlidir. Əks təqdirdə, tarif dəyişməz olaraq qalacaq. Bu mexanizm tamamilə yeni bir yanaşma idi".
A.Rzayev əlavə edib ki, ikinci mexanizm məhz "brutto müqavilə sistemi"nə keçidlə bağlıdır: "Bu sistemdə də əsas tələb ekoloji təmiz avtobusların mövcudluğudur. Əks halda, daşıyıcılar həmin sistemə qoşula bilməyəcəklər. Yəni burada bir tərəfdən öhdəlik, digər tərəfdən isə iki iqtisadi mexanizm mövcuddur. Məhz buna görə də dövlətimiz tərəfindən hər il 200 elektrik avtobusu alınaraq "BakuBus"un istifadəsinə təhvil verilir. Lakin keçən il ilk dəfə olaraq 10-dan çox çox özəl şirkət tərəfindən avtobuslar gətirilib. Hesab edirəm ki, məhz həmin mexanizmlərin təsiri nəticəsində baş verir. 2030-cu ilə qədər isə hədəf ondan ibarətdir ki, Bakı şəhərində 2 800 tam ekoloji təmiz avtobus fəaliyyət göstərsin".