Bakıda mal əti yenidən bahalaşdı: Qiymətlər 23 manata çatıb – SƏBƏB
Sosial
Bakıda mal ətinin qiymətində növbəti artım müşahidə olunur. Paytaxtın müxtəlif satış məntəqələrində sümüklü mal ətinin kiloqramı 19 manata, sümüksüz ətin qiyməti isə 23 manata yüksəlib. Satıcılar bahalaşmanı əsasən bazarda iribuynuzlu heyvanların sayının azalması ilə əlaqələndirirlər. Qiymət artımı isə istehlakçıların narazılığına səbəb olub.
Bəs mal əti niyə bahalaşır və qiymət artımının qarşısını almaq mümkündürmü?
Məsələ ilə bağlı News24.az-a danışan “Liberal İqtisadçılar Birliyi”nin sədri Akif Nəsirli bildirib ki, Bakıda mal ətinin 19–20 manatdan 22–23 manata yüksəlməsini yalnız satıcıların qeyd etdiyi kimi, “heyvanların azalması” ilə izah etmək düzgün deyil.
Ekspertin sözlərinə görə, mövcud məlumatlar Azərbaycanda iribuynuzlu mal-qaranın sayında azalma olduğunu göstərir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı il aprelin 1-nə ölkədə iribuynuzlu mal-qaranın sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22,5 min baş azalaraq 2 milyon 434,1 min baş olub: “Bu baxımdan qiymət artımının əsas səbəblərindən biri təklifin məhdudlaşmasıdır. Heyvanların sayının azalması bazara çıxarılan ətin həcmini də azaldır. Bunun üzərinə yem, ot, baytarlıq, nəqliyyat və digər istehsal xərclərinin artması əlavə olunur”.
Onun sözlərinə görə, fermer üçün mal-qaranı saxlamağın maya dəyəri yüksəldikcə heyvanı əvvəlki qiymətə satmaq sərfəli olmur. Bu da kəsim qiymətinə, nəticədə isə pərakəndə satış qiymətlərinə təsir göstərir.
Ekspert digər mühüm amil kimi topdansatış ət bazarında xərclərin artmasını və ət idxalından asılılığı da qeyd edib: “Fermer üçün mal-qaranı saxlamağın maya dəyəri yüksəldikcə heyvanı əvvəlki qiymətə satmaq sərfəli olmur. Bu isə kəsim qiymətinin və nəticədə pərakəndə qiymətin artmasına gətirib çıxarır. Eyni zamanda son vaxtlar "mal bazarı"nın - topdansatış ət bazarının da xərcləri artıb. Ət idxalından asılılıq da daxili bazardakı qiymətə təsir göstərir.
“Hazırkı mənzərədə əsas problem heyvan sayının artmaması, istehsal xərclərinin yüksəlməsi və ət təklifinin tələbi tam qarşılaya bilməməsidir”, – deyə ekspert vurğulayıb.