Bakıda ictimai nəqliyyatda yenilik - Kanat yolu ilə sərnişin daşınacaq

Bakıda ictimai nəqliyyatda yenilik - Kanat yolu ilə sərnişin daşınacaq Sosial

Bakıda kanat yolu ilə sərnişindaşıma xidməti göstəriləcək. Belə ki, Prezident İlham Əliyev “Bakı Metropoliteni” QSC-nin yenidən təşkili və bununla əlaqədar bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamların ləğv edilməsi haqqında” Fərmanında dəyişiklik edib. Sənədə əsasən, “Bakı Metropoliteni” sərnişin kanat yolları ilə sərnişindaşıma üzrə xidmətlər göstərilməsini, həmin xidmətlərin təşkili və gediş haqqının ödənilməsi üzrə innovativ və rəqəmsal həllərin tətbiqi, eləcə də, layihələndirilməsini və tikintisini, vahid mərkəzdən idarə olunmasını və əlaqələndirilməsini təmin edəcək.

Məsələ ilə bağlı News24.az-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, Azərbaycanda kanat yolu sistemlərindən istifadə təcrübəsi artıq mövcuddur:

"Müxtəlif dağ və turizm bölgələrində, o cümlədən Şahdağ və Tufandağda kanat yolları fəaliyyət göstərir. Hazırda Laçında, eləcə də Xankəndi–Şuşa istiqamətində kanat yolu layihələri həyata keçirilir. Şahbuzda da əvvəllər belə bir sistem mövcud olub. Yeni kanat yollarının yaradılması isə hərtərəfli təhlildən sonra mümkün olur".

Ekspert bildirib ki, xüsusilə şəhər daxilində kanat yolu ictimai nəqliyyat sisteminin bir hissəsi kimi nəzərdə tutulduqda bir sıra mühüm amillər nəzərə alınmalıdır:

“Yeni istiqamətlər ciddi texniki əsaslandırma və təhlillər, həmçinin sərnişin axınının ətraflı öyrənilməsi əsasında dəyərləndirilməlidir. Burada bir neçə məqam var. Kanat yolları adətən, keçilməsi çətin olan ərazilərdə qurulur. Lakin layihə hazırlanarkən torpaq sürüşməsi, küləyin təsiri, həmin xəttə real ehtiyacın olub-olmaması, hansı məntəqələri birləşdirəcəyi və nə qədər sərnişin daşıya biləcəyi kimi məsələlər araşdırılmalıdır”.

R.Ağamirzəyevin sözlərinə görə, kanat yolunun funksionallığı da əvvəlcədən müəyyənləşdirilməlidir:

“Əgər söhbət şəhər mühitindən gedirsə, burada ciddi nəqliyyat əlaqəsi təhlilləri aparılmalıdır. Dağ-xizək mərkəzlərində və turizm bölgələrində kanat yolları mövsümi fəaliyyət göstərə bilər. Amma şəhərdə kanat yolunu ictimai nəqliyyatın bir hissəsi kimi görürüksə, bunun üçün ciddi texniki-iqtisadi əsaslandırma və hərtərəfli təhlillər tələb olunur”.