Bakıdakı universitetlərdə hansı ixtisasların plan yerləri azaldılıb...

Bakıdakı universitetlərdə hansı ixtisasların plan yerləri azaldılıb... Sosial

Elm və təhsil naziri Emin Əmrullayev bir neçə ay öncə yerli mediaya müsahibəsində Bakıdakı universitetlərin köçürülməyəcəyini, paytaxtda təhsil alan tələbələrin sayının isə mərhələli şəkildə azaldılacağını bildirib. Nazirin sözlərinə görə, hazırda ölkədəki tələbə kontingentinin təxminən üçdə ikisi Bakı və ətraf ərazilərdə, üçdə biri isə regionlardakı ali təhsil müəssisələrində təhsil alır.

Nazirin açıqlamasından sonra Bakıdakı ali məktəblərə qəbul imkanlarının necə dəyişdiyi, paytaxt üzrə plan yerlərinin azaldılıb-azaldılmadığı sualı yaranır.

News24.az saytı Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalında dərc olunan məlumatlar əsasında Bakıdakı ali təhsil müəssisələrinə 2025 və 2026-cı illərdə ayrılmış plan yerlərini müqayisə edib.

Müqayisəli təhlilə əsasən, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) I ixtisas qrupu üzrə plan yerlərinin sayı 2025-ci ildəki 2885-dən 2026-cı ildə 2445-ə endirilib. Beləliklə, plan 440 yer və ya 15,3 faiz azaldılıb. ADNSU-da neft-qaz mühəndisliyi üzrə Azərbaycan bölməsinə 2025-ci ildə 200, 2026-cı ildə 150 yer ayrılıb. Bununla yanaşı, 2026-cı ilin planında kompüter elmləri, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi və data analitikası üzrə qəbul saxlanılıb.

Bakı Dövlət Universitetində (BDU) I ixtisas qrupu üzrə plan yerlərinin sayı 1410-dan 1350-yə düşüb. Azalma 60 yer və ya 4,3 faiz təşkil edib. BDU-da fizika müəllimliyi üzrə plan 150-dən 120-yə, informatika müəllimliyi üzrə 160-dan 115-ə, fizika üzrə 100-dən 75-ə, mexanika üzrə 40-dan 25-ə endirilib. Universitetdə II ixtisas qrupu üzrə plan yerlərinin sayı 665-dən 675-ə, IV qrup üzrə isə 675-dən 685-ə yüksəlib. Hər iki qrupda 10 yer artım qeydə alınıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Bakıdakı proqramları üzrə I-V ixtisas qruplarına 2025-ci ildə ümumilikdə 2375, 2026-cı ildə isə 2570 yer ayrılıb. Universitet üzrə plan 195 yer və ya 8,2 faiz artıb. ADPU-da ən böyük dəyişiklik III ixtisas qrupunda qeydə alınıb. Bu qrup üzrə plan yerlərinin sayı 1140-dan 1290-a yüksəlib. I qrupda plan 525-dən 540-a, IV qrupda 360-dan 370-ə, V qrupda 175-dən 210-a çatdırılıb. II qrupda isə plan yerlərinin sayı 175-dən 160-a endirilib.

Azərbaycan Tibb Universitetində (ATU) IV ixtisas qrupu üzrə ümumi plan 2025-ci ildə 830, 2026-cı ildə 960 yer olub. Bir il ərzində plan 130 yer və ya 15,7 faiz artıb. Universitetdə Azərbaycan və ingilis bölmələri üzrə əczaçılığa 60, fizioterapiyaya 40, ictimai səhiyyəyə 60, tibb bacısı işinə 60, stomatologiyaya 75, tibb ixtisasına isə 535 yer ayrılıb. Bundan əlavə, 2026-cı ildə rus bölməsi üzrə əczaçılığa 20, ictimai səhiyyəyə 20, stomatologiyaya 25, tibb ixtisasına 65 yer verilib.

Bakı Mühəndislik Universitetində (BMU) IV ixtisas qrupu üzrə plan yerlərinin sayı 2025-ci ildə 110, 2026-cı ildə 230 olub. Beləliklə, biotexnologiya və kimya istiqamətləri üzrə plan 120 yer və ya 109 faiz artıb.

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) I ixtisas qrupu üzrə Bakıdakı plan yerlərinin sayı 2025-ci ildə 625, 2026-cı ildə 730 təşkil edib. Artım 105 yer və ya 16,8 faiz olub. UNEC-də kompüter elmləri, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi və sənaye mühəndisliyi üzrə qəbul yerləri artırılıb.

Bakı Slavyan Universitetində (BSU) IV ixtisas qrupu üzrə psixologiyaya 2025-ci ildə 40, 2026-cı ildə isə Azərbaycan, rus və qiyabi bölmələr birlikdə 90 yer ayrılıb. Artım 50 yer olub. Universitetdə 2026-cı ildə jurnalistika üzrə də 85 plan yeri müəyyənləşdirilib. Bunun 45-i Azərbaycan bölməsinin əyani, 10-u qiyabi, 30-u isə rus bölməsinin payına düşüb.

Apardığımız müqayisə onu göstərir ki, 2026-cı ildə plan yerləri bütün Bakı universitetlərində azaldılmayıb. ADNSU-nun I ixtisas qrupunda 440, BDU-nun eyni qrupunda 60 yer azalma qeydə alınıb. ADPU üzrə ümumi plan 195, ATU-nun IV qrup planı 130, BMU-nun IV qrup planı 120, UNEC-in I qrup planı isə 105 yer artırılıb.

Məlumat üçün bildirək ki, qəbul planı universitetlərdə təhsil alan ümumi tələbə sayını deyil, yalnız müvafiq ildə bakalavriat səviyyəsinə qəbul edilə biləcək şəxslərin sayını əks etdirir. Buna görə Bakıdakı tələbə kontingentinin dəyişməsini müəyyənləşdirmək üçün sonrakı illərin qəbul planları, məzunların sayı və region universitetlərinə ayrılan yerlərlə birlikdə qiymətləndirilməlidir./Modern.az