Bakının bu ərazisində evlərin qiyməti qalxacaq
Sosial
Bakıda yeni metro stansiyalarının tikintisi ətraf ərazilərdə torpaq və mənzil qiymətlərinin artmasına təsir göstərəcək. Lakin bu artım bütün ərazilərdə eyni səviyyədə olmayacaq.
News24.az xəbər verir ki, bunu "Trend"ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc deyib.
Onun sözlərinə görə, metro yalnız nəqliyyat vasitəsi deyil, həm də ərazinin iqtisadi cəlbediciliyini, yaşayış rahatlığını və investisiya potensialını artıran şəhərsalma amilidir.
“Metro stansiyalarına yaxın ərazilərdə nəqliyyat əlçatanlığının yaxşılaşması mənzillərə, torpaq sahələrinə və kommersiya obyektlərinə tələbatı artıra bilər. Ancaq qiymət artımı ilə bağlı gözlənti faktiki bazar artımı demək deyil. Real dəyişiklikləri müəyyənləşdirmək üçün əvvəlki və hazırkı satış qiymətləri müqayisə edilməli, elan qiymətləri ilə faktiki bağlanmış əqdlərin dəyəri fərqləndirilməlidir”, – deyə V.Oruc bildirib.
AQC sədri qeyd edib ki, Yeni Günəşli və ətraf ərazilərdə nəqliyyat əlçatanlığının yaxşılaşması mənzillərə tələbatı yüksəldə bilər. Xüsusilə gələcək stansiyalara piyada məsafəsində yerləşən, sənədləri qaydasında olan və gündəlik infrastruktura çıxışı əlverişli mənzillərin bazar mövqeyinin güclənməsi mümkündür. Bununla belə, qiymətləndirmə zamanı stansiyanın dəqiq yeri və istifadəyə verilmə vaxtı əsas götürülməlidir.
V.Oruc Zabrat, Maştağa və digər şəhərətrafı ərazilərlə bağlı qiymətləndirmələrdə metro layihələri ilə şəhərətrafı dəmir yolu layihələrinin fərqləndirilməsinin vacibliyini vurğulayıb.
“Hər iki infrastruktur növü əmlak bazarına müsbət təsir göstərə bilər. Lakin onların təsir zonaları və qiymət formalaşdırma mexanizmləri fərqlidir. Torpağın dəyəri müəyyənləşdirilərkən nəqliyyatla yanaşı, onun təyinatı, kommunikasiya təminatı, hüquqi statusu və tikinti imkanları da nəzərə alınmalıdır”, – deyə o əlavə edib.
Onun sözlərinə görə, Masazır, Saray və Xırdalanda qiymət gözləntiləri nəqliyyat əlaqələrinin yaxşılaşması və şəhərə inteqrasiyanın güclənməsi ilə bağlıdır. Lakin konkret metro layihəsinin marşrutu və icra mərhələsi təsdiqlənmədən bu ərazilərdə məhz metroya görə qiymət artımının baş verdiyini söyləmək düzgün olmaz.
V.Oruc bazarda səsləndirilən 10–30 faizlik artım proqnozlarına da münasibət bildirib. Qeyd edib ki, həmin rəqəmlər bütün ərazilər üzrə təsdiqlənmiş statistik göstərici kimi qəbul edilməməlidir. Belə proqnozlarda artımın hansı müddəti və əmlak növünü əhatə etdiyi, eləcə də hansı qiymət bazası əsasında hesablandığı dəqiqləşdirilməlidir.
“Metro tikintisinin bazara təsiri üç mərhələdə özünü göstərə bilər. Layihə barədə məlumat yayılanda ilkin investisiya gözləntiləri yaranır, tikinti irəlilədikcə ərazinin cəlbediciliyi yenidən qiymətləndirilir, stansiya istifadəyə verildikdən sonra isə faktiki nəqliyyat üstünlüyünün qiymətlərə təsiri daha aydın görünür. Bununla belə, hər mərhələdə qiymət artımı baş verməyə də bilər. Nəticə konkret ərazidəki təklifdən və alıcı tələbindən asılıdır”, – deyə AQC sədri bildirib.
O əlavə edib ki, metroya yaxınlıq tikinti potensialı olan və sənədləri qaydasında olan torpaqların dəyərini yüksəldə bilər. Təyinat məhdudiyyətləri, hüquqi problemlər, kommunikasiya çatışmazlığı və əlverişsiz yerləşmə isə qiymət artımını məhdudlaşdıra bilər.
V.Oruc yeni metro xətləri və stansiyalarının yerləşəcəyi ərazilərdə müntəzəm əmlak qiymət monitorinqinin aparılmasını faydalı hesab edir. Onun fikrincə, bu, vətəndaşların daha əsaslandırılmış qərar verməsinə, investorların riskləri qiymətləndirməsinə və şəhərsalma qərarlarının iqtisadi təsirlərinin ölçülməsinə imkan yaradar.