Bakıda sərnişinlər yağış altında qalır - Dayanacaqlardan ŞİKAYƏT

Bakıda sərnişinlər yağış altında qalır - Dayanacaqlardan ŞİKAYƏT Sosial

Dünənki yağışlı hava paytaxtın daha bir problemini- smart dayanacaqların azlığı məsələsini gündəmə gətirib.

Bir neçə sakin bununla bağlı sosial şəbəkədə AYNA -ya müraciət ünvanlayıb.

News24.az xəbər verir ki, paylaşımda Milli Məclisin qarşısında, eləcə də 18, 31 nömrəli avtobusların son dayanacaqlarında sərnişinlərin yağış altında gözləməyə məcbur qaldığı bildirilib.

Eləcə də, aidiyyəti qurumdan Bakıda avtobus dayanacaqlarının sayının artırılması, mövcud dayanacaqların isə hava şəraitinə uyğunlaşdırılması üçün təcili tədbirlər görülməsi xahiş edilib.

Sözügedən məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.

Qurumdan cavab olaraq bildirildi ki, avtobus dayanacaq pavilyonları dövlət standartına əsasən quraşdırılır: “Avtobus dayanacaq pavilyonları quraşdırılan zaman səki şəraiti və əhalinin gediş-gəlişi nəzərə alınaraq ya dayanacaq pavilyonları quraşdırılır, ya da dayanacaq nişanları qoyulur. Dayanacaq məntəqəsində səkinin eni minimum 3 metrdən az olmayan və gün ərzində 20 sərnişindən çox minib-düşmə həyata keçirilərsə, həmin məntəqədə pavilyonun quraşdırılmasına yol verilir”.