Bakıya yağan dolu suallar yaratdı – Səbəb regional gərginlikdir, yoxsa...?

Bakıya yağan dolu suallar yaratdı – Səbəb regional gərginlikdir, yoxsa...? Sosial

Ötən gecə saatlarında Bakının bəzi ərazilərində, eləcə də ölkənin bir sıra bölgələrində dolu yağıb. Paytaxt üçün nadir sayılan bu təbiət hadisəsi sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub və onun mümkün səbəbləri ilə bağlı müxtəlif suallar yaranıb. Bəzi iddialarda regionda baş verən geosiyasi gərginliklərin, xüsusilə də İran–ABŞ münasibətlərindəki mümkün qarşıdurmaların hava şəraitinə təsir göstərə biləcəyinə dair iddialar irəli sürülüb. Bəs həqiqətən də, Bakıda qeydə alınan bu hadisə regional proseslərlə bağlıdır, yoxsa sırf iqlim dəyişiklikləri və atmosfer dövranı ilə əlaqədardır?

Məsələ ilə bağlı News24.az-a danışan Həsən Əliyev adına Coğrafiya İnstitutunun iqlim şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Həsən Nəbiyev bildirib ki, Bakıda dolu, ildırım və şimşək kimi atmosfer hadisələri nadir hallarda müşahidə olunur:

"30–40 il əvvəl bu cür hadisələr demək olar ki, qeydə alınmırdı. Lakin son onilliklərdə dünyada müşahidə edilən iqlim dəyişiklikləri nəticəsində Bakıda və Azərbaycanın digər ərazilərində belə atmosfer hadisələrinin başvermə tezliyi artıb. Bu proseslərin əsas səbəbi atmosfer dövranında baş verən dəyişikliklər və sinoptik sistemlərin trayektoriyalarının şərqə doğru yerdəyişməsi ilə bağlıdır. Bu hallar əsasən dağlıq və dağətəyi ərazilər üçün xarakterik olsa da, Bakı üçün nadir sayılır. Dünən paytaxt üzərində dolunun əmələ gəlməsi topa-yağış buludlarının formalaşması ilə bağlı idi".

AMEA rəsmisi qeyd edib ki, xüsusilə mart, aprel və may aylarında dolu, ildırım, şimşək və leysan yağışları kimi hadisələr daha çox müşahidə edilir:

"Bu buludların regiona daxil olması isə əsasən Aralıq dənizinin şərqində yaranan cənub siklonları ilə əlaqədardır. Həmin siklonlar Qafqaz regionu üzərində atmosfer cəbhələrinin aktivliyini artırır, təzyiq fərqlərini gücləndirir və nəticədə leysan yağışları ilə yanaşı dolunun yaranması üçün əlverişli şərait formalaşdırır. Müəyyən dərəcədə şəhərin mikrorelyefində baş verən dəyişikliklər də bu cür hadisələrin yaranmasına təsir göstərə bilər. Son illərdə Bakı şəhərində hündürmərtəbəli binaların sayının artması da yağıntıların çoxalmasına səbəb olmuşdur".

Mütəxəssisin fikrincə, regionda baş verən münaqişələrin Azərbaycan iqliminə təsiri ilə bağlı narahatlığa ciddi əsas yoxdur:

"Hazırkı münaqişələr əsasən lokal xarakter daşıyır və geniş coğrafiyanı əhatə etmədiyi üçün iqlim sistemlərinə birbaşa təsir göstərə bilmir. Münaqişə zonalarında baş verən partlayışlar və yanğınlar müəyyən həcmdə tüstü və hissəciklərin atmosferə yayılmasına səbəb olsa da, bu amillər qlobal və ya regional hava axınlarının istiqamətini dəyişmək gücündə deyil. Raket partlayışları və yanğınlar hava kütələrinin hərəkət trayektoriyasına təsir etmir.

Həsən Nəbiyev bildirib ki, iqlimə mümkün təsirlər əsasən hava kütələrinin hərəkət istiqamətindən asılıdır:

"Əgər nəzəri olaraq hava axınları münaqişə zonasından Azərbaycanın yerləşdiyi əraziyə doğru yönələrsə, həmin partlayış və yanğınlar zamanı atmosferə buraxılan bəzi hissəciklər bu hava kütələri ilə regiona çata bilər. Lakin bu halda belə, onların iqlimə təsiri çox zəif və nəzərəçarpacaq səviyyədə olmur. Azərbaycana cənub istiqamətindən gələn hava kütələri nadir hallarda müşahidə olunur. Yay mövsümündə müəyyən hallarda tropik hava kütələrinin ölkə ərazisinə daxil olması mümkündür. Hazırda isə yaz fəslidir və bu dövrdə ölkəyə əsasən şimal və qərb istiqamətindən hava kütələri daxil olur".