Böyüklər arasında bu xəstəlik sürətlə yayılır - Səbəb nədir? - AÇIQLAMA
Sosial
Son dövrlər böyüklər arasında autizm spektr pozğunluğunun (ASP) aşkarlanması və diaqnoz qoyulması halları artmaqdadır. Əvvəllər daha çox uşaqlarla əlaqələndirilən bu neyroinkişaf xüsusiyyətinin yetkin yaşlarda da müəyyən edilməsi cəmiyyətdə mövzuya marağı artırıb. Mütəxəssislər bu tendensiyanı diaqnostik meyarların genişlənməsi, maarifləndirmənin artması və əvvəllər diqqətdən kənarda qalan halların üzə çıxması ilə əlaqələndirirlər.
Bəs böyüklər arasında autizmIinn artmasının əsas səbəbləri nələrdir?
Məsələ ilə bağlı News24.az-a danışan Azərbaycan Tibb Universitetinin dosenti, həkim Aydın Əliyev bildirib ki, son illər müxtəlif xəstəliklərin artması qlobal miqyasda müşahidə olunan tendensiyadır. Onun sözlərinə görə, bu prosesdə genetik amillərlə yanaşı, ətraf mühitdə baş verən dəyişikliklərin də təsiri ola bilər.
"Dünyada ekoloji tarazlığın pozulması, atmosfer havasının tərkibində dəyişikliklər, qida və suyun keyfiyyətinə təsir edən amillər insan sağlamlığı üçün ciddi çağırışlar yaradır. Genetik faktor, təbii ki, mövcuddur. Bu, məlum məsələdir. Amma bir məqama da diqqət yetirmək lazımdır. Dünyada ekoloji sistem bu qədər pozulduğu halda, bunun insan sağlamlığına təsirlərini nəzərə almamaq mümkün deyil. Atmosfer havasının tərkibi, oksigen və digər kimyəvi elementlərin nisbəti, ətraf mühitdəki dəyişikliklər insan həyatına təsirsiz ötüşmür. Bunların fonunda qidamız, suyumuz, içkilərimiz və həyat tərzimiz də dəyişir. Texnologiyanın, telefonların və nəqliyyat vasitələrinin sürətli inkişafı da ekoloji vəziyyətə təsir göstərir”.
Həkimin fikrincə, ətraf mühitdəki dəyişikliklər sinir sisteminə, xüsusilə də mərkəzi sinir sisteminin fəaliyyətinə təsir göstərə bilən amillər sırasındadır. O bildirib ki, sinir hüceyrələri orqanizmin ən həssas hüceyrələrindəndir və müxtəlif xarici təsirlərə daha tez reaksiya verir.
“İnsanlar bir-birinə xoş münasibət bəsləyəndə əhval-ruhiyyələri yaxşılaşır, mənfi münasibətlə qarşılaşdıqda isə əksinə, psixoloji vəziyyətləri pisləşir. Sinir hüceyrələri çox həssasdır. İnsan sağlamlığına zərər verən mühitdə yaşadıqca sinir sistemində də müəyyən dəyişikliklər baş verə bilər. Texnologiyanın inkişafı insanı təbiətdən və sosial münasibətlərdən uzaqlaşdırmamalıdır. Onun sözlərinə görə, elmi yeniliklər insanın təbiətlə və digər insanlarla əlaqələrinə mane olmaq əvəzinə, həyat keyfiyyətinin yaxşılaşmasına xidmət etməlidir".