"Bu aksiyaların arxasında kənar bir dövlət dayanır" - Aqil Abbas

"Bu aksiyaların arxasında kənar bir dövlət dayanır" - Aqil Abbas Sosial

"Azərbaycan dünyəvi dövlətdir. Təəssüflər olsun ki, məktəblərdə vahid geyim forması ilə bağlı tətbiq olunan qaydalar ictimai müzakirələrə səbəb olub. Xüsusilə, hicablı şagirdlərin məktəbə buraxılmaması ilə bağlı yayılan görüntülər geniş yayılıb".

Bunu News24.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.

Deputat açıqlamasında Azərbaycanın dünyəvi dövlət olduğunu vurğulayaraq dinlə dövlətin ayrı olduğunu, bununla belə, insanların dini inanclarına sahib çıxmaq hüququnun olduğunu qeyd edib.

"Dini inanclarla təhsil müəssisələrində tətbiq olunan geyim qaydalarını eyniləşdirmək düzgün deyil. Bunlar ayrı-ayrı məsələlərdir. Heç kim demir ki, hicab qadağandır. İnsan küçədə, evdə və ya istədiyi başqa yerdə hicab geyinə bilər. Amma dərsə gedəndə hicabını çıxarmalıdır. Məktəbdə vahid geyim formaları ilə bağlı verilən qərar tamamilə doğrudur. Azərbaycan dünyəvi dövlətdir. Din dövlətdən ayrıdır, amma bizim inancımız var”.

Deputat məktəblərdə vahid geyim formasına dair qaydaların müzakirəsi zamanı dini azadlıqlarla təhsil müəssisələrində müəyyən edilmiş tələblərin fərqli məsələlər kimi qiymətləndirilməli olduğunu bildirib.

O, məsələ ətrafında baş verən hadisələrin və aksiyaların arxasında kənar qüvvələrin dayana biləcəyini iddia edib. A.Abbas qeyd edib ki, bu hallarla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

"Bu hadisələri kənardan törədənlər var. Aksiyaların və təxribatların arxasında kənar bir dövlət dayanır. Bunu dövlətimiz də araşdırır və əlbəttə ki, lazımi addımlar atılacaq”, – deyə deputat əlavə edib.