Bu gündən etibarən Azərbaycanda yeni sığorta qaydaları qüvvəyə mindi
Sosial
Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqlarının hesablanması qaydalarında edilən dəyişikliklər iyunun 16-dan qüvvəyə minib.
News24.az xəbər verir ki, yeni qaydalara əsasən, sığorta haqqının hesablanmasında tətbiq olunan bəzi əmsallar dəyişdirilib. Belə ki, avtonəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxslərin sayına görə əmsal (AVİƏ) avtonəqliyyat vasitəsi sahiblərinin sayına görə əmsalla (AVSƏ), Bonus-Malus sinfinə görə əmsal isə sığorta tarixçəsi əmsalı (STƏ) ilə əvəz olunub.
Yeni sistemə görə, sürücünün və ya nəqliyyat vasitəsi sahibinin sığorta tarixçəsi əsas götürüləcək. Sığorta tarixçəsi əmsalı minimum 0,60, maksimum isə 3 səviyyəsində müəyyən ediləcək.
Qaydalara əsasən, son dəyişiklik tarixindən sonra 275 gündən artıq sığortalı olan və bu müddətdə təqsiri üzündən sığorta hadisəsi törətməyən şəxslərə hər dəfə 5 faiz güzəşt tətbiq ediləcək.
Əksinə, sürücünün təqsiri üzündən baş vermiş və sığorta ödənişi ilə nəticələnən hər bir hadisəyə görə sığorta tarixçəsi əmsalına 30 faiz əlavə hesablanacaq. Bu əlavələr sürücünün gələcək sığorta haqqına birbaşa təsir göstərəcək.
Yeni qaydalar sürücülərin məsuliyyətli davranışını təşviq etməyi və sığorta sistemində daha fərdiləşdirilmiş qiymətləndirmə mexanizminin tətbiqini nəzərdə tutur.