Bu lüğət valideynlərin ad seçimini dəyişə bilər - AÇIQLAMA

Bu lüğət valideynlərin ad seçimini dəyişə bilər - AÇIQLAMA Sosial

Ad insanın taleyinə yazılan ilk söz, kimliyinə verilən ilk möhürdür. Bəzən valideynlərin bir neçə dəqiqəlik seçim kimi gördüyü bu qərar əslində illərlə daşınan, nəsildən-nəslə ötürülən mədəni və mənəvi mirasdır. Hər bir ad özündə tarixi, dili, mənşəni və toplumun yaddaşını yaşadır. Elə buna görə də şəxs adları təkcə ailə ənənəsinin deyil, bütövlükdə milli kimliyin göstəricisi sayılır. Adların necə formalaşdığı, hansı dillərdən gəldiyi və zamanla hansı dəyişikliklərə uğradığı isə dilçilik üçün daim aktual araşdırma mövzusu olaraq qalır.

Məhz bu ehtiyacdan çıxış edən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şəxs adları ilə bağlı yeni izahlı lüğət hazırlamaq təşəbbüsü cəmiyyətdə maraq doğurub. Lakin lüğətin məzmunu və hansı prinsiplər əsasında tərtib ediləcəyi hələ açıqlanmayıb. Bəs bu nəşr valideynlərin ad seçiminə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı News24.az-a açıqlama verən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dosenti Elşad Abışov bildirib ki, 20–30 il əvvəl aparılan statistikaya əsasən, Azərbaycanda 1200-dən çox kişi adı, 1000-ə yaxın qadın adı və 70-ə qədər həm qadınlara, həm də kişilərə verilən (neytral) ad mövcud olub:

“Bu adların hamısı Azərbaycan şəxs adları sistemində istifadə olunur. Azərbaycanda şəxs adları üzrə ilk sistemli lüğəti Osman Mirzə hazırlayıb. Həmin lüğətdə adların mənşəyi və etimologiyası ilə bağlı maraqlı və dəyərli məlumatlar yer alıb. Daha sonra, 2007-ci ildə Nəsimi adına Dilçilik İnstitutunda Onomastika şöbəsi fəaliyyət göstərib. Şöbə əməkdaşlarının birgə müəllifliyi ilə “Azərbaycan antroponimlərinin izahlı lüğəti” nəşr olunub. Bu lüğətdə şəxs adlarının mənşəyi, dil mənsubiyyəti və digər xüsusiyyətləri ətraflı şəkildə izah edilib.

Hazırda isə Nəsimi adına Dilçilik İnstitutunun rəhbərliyi ilə yeni bir lüğətin hazırlanacağı qeyd olunur. Lüğətdə hansı adlara üstünlük verilməsi məsələsinə gəlincə, əsas məqsəd adları dil mənsubiyyətinə görə seçmək deyil. Lüğətin başlıca vəzifəsi Azərbaycan ad sistemində mövcud olan bütün adları əhatə etmək, onların mənasını, mənşəyini və xüsusiyyətlərini təqdim etməkdir. Yəni əsas hədəf budur".

Elşad Abışov lüğətin çap olunmasının insanların övladlarına ad verməsinə təsirindən də danışıb:

“İnsanların övladlarına ad verməsi vətəndaşların maariflənmə səviyyəsindən və elmi ədəbiyyata marağından asılıdır. Əgər insanlar şəxs adları lüğətlərinə maraq göstərib onlardan istifadə edərlərsə, təbii ki, bu lüğət ad seçiminə müsbət təsir göstərəcək. Əks halda, yəni insanlar elmi mənbələrdən uzaq qalsalar, lüğətin advermə prosesində ciddi rolu olmayacaq.

Bizim əsas istəyimiz ondan ibarətdir ki, Azərbaycan cəmiyyəti savadlı və intellektual bir cəmiyyət olaraq övladlarına ad verərkən bu cür dil materiallarından və lüğətlərdən istifadə etsin. Azərbaycan ad sistemində ərəb və fars mənşəli adlarla yanaşı, türk mənşəli adlar da geniş yer tutur. Ümumi məqsədimiz odur ki, vətəndaşlar ad seçərkən lüğətlərdə yer alan milli və türk mənşəli adlara daha çox üstünlük versinlər”.