Bu marşrutlarda kondisioner niyə işləmir? - Açıqlama
Sosial
Havaların isti keçməsi fonunda paytaxtın mərkəzində fəaliyyət göstərən avtobuslarda kondisioner sistemlərinin işlək vəziyyətdə olduğu müşahidə edilsə də, şəhər mərkəzindən kənar istiqamətlər üzrə hərəkət edən bəzi marşrut avtobuslarında vəziyyət fərqlidir.
Belə ki, 20, 21 və 125 nömrəli marşrut avtobuslarında kondisionerlərin işləmədiyi müşahidə olunur. Bu isə isti hava şəraitində sərnişinlərin narahatlığına səbəb olur.
Maraq doğuran əsas məqam həmin avtobuslarda kondisioner sistemlərinin hansı səbəbdən işə salınmamasıdır.
Məsələ ilə bağlı News24.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlayıb.
Qurumdan sorğuya cavab olaraq bildirilib ki, yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilib: "Daşıyıcılara zəruri hazırlıq tədbirlərinin görülməsi barədə tapşırıq verilib. Bu il də havanın temperaturundan asılı olaraq avtobuslarda sərnişinlərin rahatlığı üçün soyutma və havalandırma sistemlərinin texniki cəhətdən işlək vəziyyətdə saxlanılması, hava şəraitinə uyğun tənzimlənməsi tapşırılıb".