Bu qrupda ballar aşağı salınacaq - Ekspert səbəbini açıqladı
Sosial
Ali təhsil müəssisələrinə qəbul imtahanlarının əsas mərhələsi davam edir. Artıq II və III ixtisas qrupları üzrə nəticələr açıqlanıb, I və IV ixtisas qrupları üzrə nəticələrin isə yaxın günlərdə elan olunacağı gözlənilir. Bununla yanaşı, abituriyentlər ikinci cəhd imtahanlarına hazırlaşır və qəbul prosesinin növbəti mərhələsinə köklənirlər.
Hər il olduğu kimi, bu il də qəbul imtahanlarının nəticələri açıqlanmağa başladıqca keçid balları ilə bağlı müzakirələr artır. Abituriyentlər və valideynlər ən çox hansı ixtisaslarda rəqabətin yüksək olacağı, hansı sahələr üzrə keçid ballarının yüksələcəyi və ya enəcəyi ilə maraqlanırlar. Xüsusilə də, əmək bazarında daha çox tələb olunan və populyar ixtisaslar üzrə vəziyyət diqqət mərkəzindədir. Bəs bu il hansı ixtisaslar üzrə keçid ballarında dəyişikliklər gözlənilir?
Məsələ ilə bağlı News24.az-a fikirlərini bildirən təhsil üzrə ekspert Elçin Əfəndi qeyd edib ki, son iki ildə buraxılış imtahanları mərhələsində abituriyentlərin nəticələrinin nisbətən zəifləməsi, əsasən 9-cu və 11-ci siniflər üzrə ümumi təhsil müəssisələrində tədrisin keyfiyyətinin müəyyən qədər aşağı düşməsi ilə əlaqələndirilir: "Lakin ali təhsil müəssisələrinə qəbul zamanı I, II, III və IV ixtisas qrupları üzrə keçid ballarında hazırda ciddi azalma gözlənilmir.
Əgər qarşıdakı ikinci cəhd imtahanlarında abituriyentlər nəticələrini yaxşılaşdıra bilsələr, bu, müsabiqənin daha da gərgin keçməsinə səbəb olacaq. Nəticədə bəzi ixtisaslar və ixtisas qrupları üzrə keçid ballarında artım da müşahidə oluna bilər.
Təbii ki, müəyyən ixtisaslar üzrə keçid ballarında azalma qeydə alına bilər. Ancaq əmək bazarında daha çox tələb olunan, perspektivli və populyar ixtisaslar üzrə keçid ballarında ciddi enmə proqnozlaşdırılmır".
Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarının birinci cəhdində I ixtisas qrupu üzrə hər iki bölmə üzrə ümumilikdə 34 min 11 nəfər, II ixtisas qrupu üzrə 28 min 528 nəfər, III ixtisas qrupu üzrə 28 min 355 nəfər, IV ixtisas qrupu üzrə isə 6 min 525 nəfər müsabiqədə iştirak edib. Beləliklə, birinci cəhd üzrə ümumi iştirakçı sayı 97 min 419 nəfər təşkil edib.
İkinci cəhd üzrə isə iştirakçı sayında azalma müşahidə olunur. Belə ki, I ixtisas qrupu üzrə 25 min nəfər, II ixtisas qrupu üzrə 18 min 909 nəfər, III ixtisas qrupu üzrə 22 min 712 nəfər, IV ixtisas qrupu üzrə isə 5 min 303 nəfər müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçib. Bununla da ikinci cəhd üzrə ümumi iştirakçı sayı 71 min 924 nəfər olub.
Birinci cəhddə iştirak edən abituriyentlərlə müqayisədə 25 min 499 nəfər ikinci cəhd üçün qeydiyyatdan keçməyib.