"Bu səviyyədə tədbirləri hər ölkə təşkil edə bilmir"
Sosial
"Dünya Urban Forumunun Bakıda keçirilməsi ölkəmiz üçün böyük hadisədir. Azərbaycan artıq bütün dünyaya nümayiş etdirir ki, belə beynəlxalq tədbirlərin keçirilməsinə tam hazırdır. Bu səviyyədə tədbirləri hər ölkə təşkil edə bilməz, bunun üçün böyük təcrübə lazımdır".
Bu sözləri News24.az-a açıqlamasında Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.
O, həmçinin forumda çalışan könüllü gənclər barəsində təəssüratlarını da bölüşüb: "Mənim yadımdadır ki, 2015-ci ildə Bakıda keçirilən ilk beynəlxalq tədbirlər zamanı könüllülərimiz hələ çox gənc idilər. Amma indi bizə verilən məlumata görə, artıq digər ölkələr də beynəlxalq tədbirlər zamanı Azərbaycan könüllülərinin təcrübəsindən istifadə edirlər".
O bildirib ki, tədbir başlamazdan əvvəl media nümayəndələri olaraq burada olub, salonları gəzib, media üçün yaradılan şəraitlə tanış olublar: "Hesab edirəm ki, bu yüksək səviyyəli tədbir Azərbaycanın dünyada özünü daha da təsdiq etməsində mühüm rol oynayacaq.
Biz iki gün əvvəl forumun açılış mərasimində iştirak etdik. Həm Azərbaycan Prezidenti İlham Əliyevin fikirləri ilə tanış olduq, eyni zamanda müxtəlif ölkələrin prezidentləri və baş nazirləri çıxış etdilər. Çox xoşdur ki, onların əksəriyyəti öz çıxışlarında Azərbaycan və ölkəmizin qazandığı uğurlar barədə müsbət fikirlər səsləndirdilər".
R.Məcid Qarabağda gedən quruculuq işləri haqqında da fikirlərini bildirib: "Bildiyiniz kimi, işğaldan azad olunmuş Qarabağda geniş quruculuq işləri aparılır, yeni şəhərlər və kəndlər salınır. Bu baxımdan belə bir tədbirin Azərbaycanda keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki, bu forum həm də Azərbaycanın gələcəyi üçün mühüm beynəlxalq tədbirlərdən biri olacaq".
Xanım Cavanşirqızı