Bu şəxslər də 1 il hərbi xidmət keçəcək

Bu şəxslər də 1 il hərbi xidmət keçəcək Sosial

Azərbaycanda hərbi xidmət müddətinin azaldılması ilə bağlı müzakirələr yenidən aktuallaşıb. Xüsusilə, peşəkar ordu modelinə keçid istiqamətində atılan addımlar fonunda orta təhsilli şəxslərin də qısa müddətdə xidmət keçməsi məsələsi gündəmə gəlir. Ekspertlər hesab edirlər ki, xidmət müddətinin azaldılması ilə yanaşı, məktəblərdə çağırışaqədərki hərbi hazırlığın da gücləndirilməsi vacibdir.

Bəs orta təhsilli şəxslər gələcəkdə 1 il hərbi xidmət keçə biləcəklərmi?

News24.az xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, hazırda hərbi xidmətlə bağlı müxtəlif təkliflər səsləndirilsə də, bu istiqamətdə nə qanunverici orqanların, nə də güc strukturlarının nümayəndələri ciddi münasibət bildirirlər.

Ekspertin sözlərinə görə, Azərbaycanda hərbi xidmət müddətinin azaldılmasına ehtiyac var:

“Biz peşəkar orduya keçid edirik. Bu baxımdan hərbi xidmət müddətinin də azaldılması vacibdir. Hazırda orta təhsilli şəxslər 1 il 6 ay xidmət edirlər. Hesab edirəm ki, 1 il kifayət qədər normal müddətdir. Hətta gələcəkdə bunu 9 aya endirmək də mümkündür. Amma bunun üçün müəyyən zaman lazımdır”.

Üzeyir Cəfərov qeyd edib ki, orta təhsilli şəxslərin 1 il xidmət keçməsi gələcəkdə reallaşa bilər.

“Bu dəyişikliklə paralel olaraq məktəblərdə çağırışaqədərki hazırlıq dərslərinin keyfiyyəti də artırılmalıdır. Orta məktəblərdə, liseylərdə və texniki peşə məktəblərində hərbi hazırlıq dərsləri gücləndirilməli, şagirdlər əyani vəsaitlərlə təmin olunmalıdır.

Təklif edirəm ki, Elm və Təhsil Nazirliyinin xətti ilə ehtiyatda olan zabitlər məktəblərdə hərbi hazırlıq müəllimi kimi fəaliyyət göstərsinlər. Gənclərə çağırışa qədər ilkin hərbi biliklər və praktiki hazırlıq keçirilməlidir”.

Hərbi ekspertin fikrincə, gələcəkdə Azərbaycanda orta təhsilli şəxslərin 1 illik hərbi xidmət sisteminə keçid mümkündür və ölkə gec-tez bu məsələyə qayıdacaq.