Bu şəxslər erkən pensiyaya çıxa bilərlər - Deputatdan TƏKLİF

Bu şəxslər erkən pensiyaya çıxa bilərlər - Deputatdan TƏKLİF Sosial

Azərbaycanda uşaqpulu məsələsi yenidən ictimai müzakirələrin mərkəzinə çevrilib. Mövzu xüsusilə deputat Günay Ağamalının uşaqpulunun hazırkı mərhələdə məqsədəuyğun olmadığı barədə açıqlamasından sonra yenidən gündəmə gəlib. Deputat sosial dəstəyin daha ünvanlı şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb. Bu fikirlər cəmiyyətdə müxtəlif reaksiyalar doğurub və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Bəs Azərbaycanda uşaqpulunun tətbiqi mümkündürmü?

Məsələ ilə bağlı News24.az-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, uşaq müavinətlərinin tətbiqi ilə bağlı müxtəlif ölkələrdə fərqli təcrübələr mövcuddur və bir çox dövlətlərdə bu sosial dəstək mexanizmi uşaqların inkişafına, insan kapitalının formalaşmasına xidmət edir:

"Azərbaycanda da sosial yardım və dövlət dəstəyi proqramları çərçivəsində çoxuşaqlı ailələrə müəyyən vəsaitlər ayrılır, lakin bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var. Aparılan təhlillər göstərir ki, əksər ölkələrdə uşaqlara verilən müavinətlərin əsas məqsədi onların sosial rifahını yaxşılaşdırmaq, təhsil və inkişaf imkanlarını genişləndirməkdir. O bildirib ki, dövlətin bu prosesdə rolunun artırılması uşaqların gələcəkdə daha güclü insan kapitalına çevrilməsinə müsbət təsir göstərə bilər".

Deputat nümunə olaraq bir sıra Avropa ölkələrinin təcrübəsini də xatırladıb:

"Məsələn, İtaliyada uşaqlara verilən müavinətlər ailənin gəlir səviyyəsinə uyğun şəkildə hesablanır və az gəlirli ailələrə daha çox dəstək göstərilir. Bu model sosial müdafiənin daha ünvanlı şəkildə həyata keçirilməsinə imkan yaradır. Azərbaycanda da çoxuşaqlı ailələrlə bağlı yanaşma yenidən nəzərdən keçirilməlidir. Hazırda çoxuşaqlı ailə statusu əsasən 5 və daha çox uşağı olan ailələrə şamil edilir. Bu hədd mərhələli şəkildə 3 uşağa endirilə bilər".

Deputatın firkincə, belə bir dəyişiklik daha çox ailənin dövlət dəstəyindən yararlanmasına şərait yaradacaq:

"Hazırkı qanunvericilikdə müəyyən uyğunsuzluqlar mövcuddur. Belə ki, “Əmək pensiyaları haqqında” qanunda 5 və daha çox uşağı olan ailələr üçün müəyyən güzəştlər nəzərdə tutulsa da, sosial müavinətlərlə bağlı qanunda da eyni meyar tətbiq edilir. Çoxuşaqlı ailə anlayışının 3 və daha çox uşağı olan ailələri əhatə etməsi həm valideynlərin daha erkən pensiyaya çıxmasına imkan yarada, həm də daha çox uşağın dövlət tərəfindən sosial dəstək almasına səbəb ola bilər".