Bu sürüclərə şirkət tərəfindən PUL ÖDƏNİLƏCƏK - RƏSMİ

Bu sürüclərə şirkət tərəfindən PUL ÖDƏNİLƏCƏK - RƏSMİ Sosial

Son vaxtlar "Yango" və "Uber" kimi taksi platformalarında yeni fırıldaqçılıq üsulunun yayıldığı iddia olunur. Belə ki, bəzi sərnişinlər gedişi kartla sifariş etdikdən və taksi təyin olunduqdan sonra hesablarındakı balansı dəyişirlər. Nəticədə onların gediş haqqı ödənilməmiş qalır. Bu halda isə ödəniləcək məbləğ sürücünün balansına köçmür. Sürücülər bildirirlər ki, son dövrlər bu kimi hallar artıb və bu da onlara ciddi maddi zərər vurur.

Qeyd edək ki, "Yango" və "Uber" platformalarında kartla sifariş zamanı ödəniş dərhal tutulmur. Məbləğ əsasən sərnişin mənzil başına çatdıqdan sonra və ya səfərin bitməsinə az qalmış kartdan çıxılır. Bu isə bəzi hallarda sərnişinlərə sifariş verdikləri kartın balansını sonradan sıfırlamaq üçün kifayət qədər vaxt yaradır.

Məsələ ilə bağlı "Yango"dan News24.az-a bildirilib ki, onlara məxsus daşınma şirkətində sürücülərin maraqları tam qorunur:

""Bizim şirkətdə sürücünün maraqları tam qorunur. Əgər sərnişin səfər zamanı sistemdə qeyd olunmuş kartı balansında vəsait olmayan digər kartla əvəz edərsə, sistemimiz 72 saat ərzində ödənişin təmin olunması üçün avtomatik cəhdlər göstərir. Bu müddət bitdikdən sonra ödəniş baş tutmazsa, servis gediş haqqını öz vəsaiti hesabına sürücüyə tam kompensasiya edir. Beləliklə, istifadəçinin hərəkətlərindən və ya bank hesabının vəziyyətindən asılı olmayaraq, sürücü yerinə yetirilmiş sifariş üçün ödənişi hər bir halda zəmanətli şəkildə alır", - deyə məlumatda bildirilib.