Burlaxatunun əkiz bacısı da yüksək bal topladı

Burlaxatunun əkiz bacısı da yüksək bal topladı Sosial

Bu il I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanında maksimum nəticə, 700 balı toplayan Burlaxatun Məcidlinın əkiz bacısı Banuçiçək də yüksək nəticə göstərib.

News24.az xəbər verir ki, Burlaxatunun atası Bəhruz Məcidov Modern.az-a açıqlamasında bildirib ki, ailə üçün bu nəticə gözlənilməz olmayıb.

“Burlaxatunun 700 bal toplayacağına şübhəmiz yox idi. O, uşaqlıqdan çox əzmkar, inadkar və məqsədli olub. Elə buna görə də ailədə hamı ondan yüksək nəticə gözləyirdi”, - o qeyd edib.

Atanın sözlərinə görə, ailənin digər sevinc mənbəyi isə Burlaxatunun əkiz bacısı Banuçiçək Məcidlinin də uğurlu nəticə göstərməsi olub. Belə ki, Banuçiçək qəbul imtahanında bacısından bir qədər az - 624,3 bal toplayıb. O, hüquqşünaslıq ixtisası üzrə hazırlaşır və ikinci cəhd imtahanında da iştirak edəcək.

B.Məcidov deyir ki, bacılar uşaqlıqdan hər işlərini birlikdə görüblər: “Əkizdirlər, elə həmişə birlikdə olublar - dalaşanda da, sevinəndə də. Uşaqlıqdan hazırlığa da bir yerdə gediblər. Bəzi fənlər üzrə müəllimləri ayrı olsa da, ümumilikdə hər zaman bir-birlərinə dayaq olublar”.

Ata qeyd edib ki, Banuçiçək bacısının nəticəsinə görə son dərəcə sevinib və aralarında heç vaxt rəqabət hissi olmayıb: “Banuçiçək Burlaxatunun nəticəsinə çox sevindi, onu qətiyyən qısqanmır. Əksinə, həmişə deyirdi ki, Burlaxatundan başqa nəticə gözləmək olmaz”.

Məcidli bacıları buraxılış imtahanında da yüksək nəticə ilə diqqət çəkmişdilər. Həmin imtahanda Burlaxatun 300 bal, Banuçiçək isə 266,7 bal toplamışdı. Hər iki abituriyent Mingəçevirdəki Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyin məzunudur.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzinin açıqladığı nəticələrə əsasən, Burlaxatun Bəhruz qızı Məcidli hər iki mərhələnin cəminə görə I ixtisas qrupu üzrə maksimum nəticə toplayıb. O, imtahanın birinci mərhələsində də maksimum nəticə göstərərək 300 bal yığıb.