Bütün evlərdə var, artıq ləğv oluna bilər - Yeni sistem

Bütün evlərdə var, artıq ləğv oluna bilər - Yeni sistem Sosial

Azərbaycanda 2035-ci ilədək mövcud yaşayış və kommersiya binalarında qazla işləyən istilik sistemlərinin elektrik istilik nasosları ilə əvəzlənməsi hədəfi gündəmdədir. Bu planın reallaşması isə xüsusilə evlərində kombi sistemi quraşdıran vətəndaşlarda gələcəkdə hansı dəyişikliklərin olacağı ilə bağlı suallar doğurur.

Bəs mövcud istilik avadanlıqlarından istifadə davam etdiriləcəkmi, yeni sistemə keçid məcburi olacaqmı?

Məsələ ilə bağlı News24.az-a danışan Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli bildirib ki, hazırda kombi sistemlərinin yığışdırılması ilə bağlı hər hansı qərar yoxdur. Onun sözlərinə görə, 2035-ci ilədək nəzərdə tutulan hədəf qazdan istifadənin azaldılması və binaların alternativ enerji mənbələri hesabına mərkəzləşdirilmiş qaydada qızdırılmasına keçidlə bağlıdır:

"İstilik nasoslarının tətbiqi düzgün təşkil olunarsa, bu, həm əhali, həm də dövlət üçün iqtisadi baxımdan səmərəli ola bilər. Onun fikrincə, sistemin günəş panelləri kimi alternativ enerji mənbələri ilə dəstəklənməsi istilik xərclərinin azalmasına imkan yarada bilər. Hazırda 70 kvadratmetrlik mənzilin istilik ehtiyacları üçün ayda təxminən 100 manat xərcləyən ailənin gələcəkdə bu məbləği 20-30 manatadək azaltması mümkün ola bilər. Bununla belə, qeyd olunan rəqəmlər ehtimal xarakteri daşıyır və faktiki xərclər sistemin qurulmasından, enerji tariflərindən və istifadə şəraitindən asılı olacaq".

Ekspertin sözlərinə görə, belə bir sistemin tətbiqinə qərar verilərsə, onun qurulması hökumətin təşəbbüsü ilə həyata keçirilə bilər:

"Daha sonra sistemin davamlı fəaliyyətinin təmin olunması üçün əhalidən istilik haqqının alınması mexanizmi tətbiq edilə bilər. Bu baxımdan, yeni modelin əvvəlcədən planlaşdırılması və maliyyələşmə qaydasının müəyyənləşdirilməsi vacibdir. 2035-ci il üçün müəyyənləşdirilən hədəf mövcud kombi sistemlərinin yaxın vaxtlarda söküləcəyi demək deyil. Onun fikrincə, keçid prosesi həyata keçirilərsə, bunun üçün müvafiq infrastruktur yaradılmalı və əhali əvvəlcədən məlumatlandırılmalıdır".

İqtisadçı əlavə edib ki, qazdan istifadənin azaldılması ölkənin təbii qazı ixrac etmək imkanlarını genişləndirə, eyni zamanda karbon emissiyalarının aşağı salınmasına töhfə verə bilər.