Böyürtkən yığan qadınlar niyə cərimələnib? – Hüquq müdafiəçisindən açıqlama
Sosial
"İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsinə əsasən, meşə fondu sahələrində özbaşına ot biçilməsi və ya mal-qara otarılması, eləcə də yabanı meyvə, qoz-fındıq, göbələk, giləmeyvə və digər məhsulların yığılması qadağan edilən və buna yalnız meşə biletləri əsasında yol verilən sahələrdə həmin məhsulların özbaşına yığılmasına görə fiziki şəxslər 400 manatdan 600 manatadək, vəzifəli şəxslər 2000 manatdan 2500 manatadək, hüquqi şəxslər isə 5 000 manatdan 6 000 manatadək cərimə edilir".
News24.az xəbər verir ki, bunu Qaynarinfo-ya hüquq müdafiəçisi Əkrəm Həsənov böyürtkən yığan qadınların cərimələnməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatın hüquqi tərəflərini izah edərkən deyib.
Vəkil qeyd edib ki, qanunvericiliyə əsasən, Azərbaycanda meşə fondu sahələrində müəyyən məhdudiyyətlər mövcuddur.

"Söhbət meşə fondundan gedir. Meşə fondu sahələri də hər kəsə bəllidir. Belə təcrübə bəzi ölkələrdə var, məsələn, ABŞ və s. Bəzi ölkələrdə isə belə məhdudiyyətlər yoxdur, məsələn, Britaniya, Rusiya və s. Meşə fondu azaddır, nə istəyirsən yığa və yeyə bilərsən", deyə Əkrəm Həsənov bildirib.
Qeyd edək ki, sosial şəbəkələrdə böyürtkən yığan qadınların cərimələnməsi ilə bağlı məlumat yayılıb. Məlumat qısa müddətdə geniş müzakirələrə səbəb olub və narazılıq yaradıb.
Xatırladaq ki, qanunvericiliyə əsasən, qadağan edilmiş və ya xüsusi bilet tələb olunan zonalarda icazəsiz məhsul yığmaq qanun pozuntusu hesab edilir. Qaydaların pozulduğu, yəni qadağan olunmuş ərazilərdə özbaşına meyvə və ya digər bitki məhsullarının yığıldığı hallarda maddi və inzibati məsuliyyət tətbiq edilir.