Çantası özündən ağır... - Valideynlərə vacib xəbərdarlıq
Sosial
Yeni tədris ilinin başlamasına az müddət qaldıqca məktəblə bağlı müxtəlif məsələlər, o cümlədən şagirdlərin daşıdığı məktəb çantalarının ağırlığı da gündəmə gəlir. Xüsusilə ibtidai sinif şagirdlərinin çantalarında dərsliklərlə yanaşı, dəftər, məktəb ləvazimatları və digər əşyaların olması onların gündəlik daşıdığı yükün əhəmiyyətli dərəcədə artmasına səbəb olur.
Rusiyalı mütəxəssislərin fikrincə, uşaqlar öz bədən çəkilərinin maksimum 10 faizi qədər ağırlıqda məktəb çantası daşıya bilərlər. Bu həddin aşılması isə uşaqların sağlamlığı üçün müəyyən risklər yarada bilər.
Maraqlıdır, bəs məktəb çantasının çəkisi uşağın yaşına və bədən çəkisinə uyğun olaraq nə qədər olmalıdır? Ağır çantaların uzun müddət daşınması uşaqların onurğasına, duruşuna və dayaq-hərəkət sisteminə hansı fəsadları yarada bilər?
Bu barədə News24.az-ın suallarını cavablandıran travmatoloq-ortoped Murad Bağırlı bildirib ki, məktəb yaşlı uşaqlarda ağır məktəb çantaları valideynlərin diqqət etməli olduğu məsələlərdən biridir:
“Çantanın çəkisi ilə bağlı praktik tövsiyə ondan ibarətdir ki, onun ümumi çəkisi uşağın bədən çəkisinin təxminən 10 faizini keçməsin. Müxtəlif mənbələrdə 10–15 faiz aralığı qeyd olunsa da, xüsusilə kiçik yaşlı uşaqlarda çantanı mümkün qədər yüngül saxlamaq daha məqsədəuyğundur.
Məsələn, 30 kiloqram çəkisi olan uşağın məktəb çantasının çəkisi təxminən 3 kiloqram ətrafında olmalıdır”.
Həkimin sözlərinə görə, ağır çanta uşağın bədəninin ağırlıq mərkəzini dəyişir: “Uşaq yükü kompensasiya etmək üçün gövdəsini önə əyə, çiyinlərini aşağı sala və boyun əzələlərini daha çox gərginləşdirə bilər. Nəticədə boyun, çiyin, kürək və bel nahiyəsində ağrı, əzələ yorğunluğu və narahatlıq yarana bilər. Həmçinin yeriş və bədən duruşunda müvəqqəti dəyişikliklər müşahidə oluna bilər.
Burada bir vacib məqamı da qeyd etmək istəyirəm. Valideynlər bəzən düşünürlər ki, ağır çanta mütləq şəkildə uşağın onurğasını əyəcək və skolioz yaradacaq. Bunu belə qəti şəkildə demək düzgün deyil. Ağır çantanın skolioz yaratdığını təsdiqləyən kifayət qədər elmi sübut yoxdur. Lakin ağır yükün uşağın əzələ-skelet sisteminə əlavə mexaniki yük yaratdığı və ağrı ilə narahatlığı artıra bildiyi məlumdur”.
Murad Bağırlı valideynlərin çantanın yalnız çəkisinə deyil, necə daşınmasına da diqqət etmələrini xüsusi vurğulayıb: “Çanta iki çiyində daşınmalı, beldən həddindən artıq aşağı sallanmamalı, ağır kitab və əşyalar kürəyə mümkün qədər yaxın yerləşdirilməlidir. Uşağın həmin gün ehtiyacı olmayan kitab və dəftərlərin çantada daşınmaması da vacibdir.
Ən əsası isə budur ki, uşağın çantası uşağın özündən ağır olmamalıdır. Çantanın çəkisini vaxtaşırı tərəzidə yoxlamaq sadə, amma çox faydalı bir profilaktik tədbirdir”.