Cəbrayılda illik 2 milyon ağac tingi yetişdiriləcək

Cəbrayılda illik 2 milyon ağac tingi yetişdiriləcək Sosial

Cəbrayıl rayonu ərazisində yaradılan “Ağıllı Tingçilik Mərkəzi” regionda meşə bərpasına mühüm töhfə verəcək. Layihə çərçivəsində il ərzində 2 milyon ədədə qədər ağac tinginin yetişdirilməsi nəzərdə tutulur.

News24.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov bildirib.

Nazir qeyd edib ki, 2024-cü ilin sonundan başlayaraq Meşələrin İnkişafı Xidməti böyük istixanaların quraşdırılmasına başlayıb:

"İndiyə qədər 5 böyük istixana kompleksi quraşdırılıb. Hazırda bu istixanalarda illik təxminən 1 milyon ting yetişdirilir. Mərkəzdə həm müasir üsullarla tinglərin yetişdirilməsi həyata keçiriləcək, həm də regional təlim mərkəzi kimi fəaliyyət göstərəcək. İl ərzində 2 milyon ədəd tingin yetişdirilməsi hədəflənir ki, bu da azad edilmiş ərazilərdə meşələrin yenidən qurulmasına əvəzsiz töhfə verəcək.

Eyni zamanda, başlanğıc mərhələsində olan digər alternativ layihələr də mövcuddur", – deyə nazir əlavə edib. (Trend)