Cəlilabadda heyvanlar kütləvi qırılır - FOTO
Sosial
Cəlilabad rayonunun Əliqasımlı kəndində iribuynuzlu heyvanlar arasında kütləvi tələfat baş verib.
News24.az xəbər verir ki, kənd sakini Asim İmanova məxsus təsərrüfatda heyvanların qəfil xəstələnərək tələf olduğu iddia edilir.
Təsərrüfat sahibinin sözlərinə görə, heyvanların ağız və burun nahiyəsində yaralar əmələ gəlib, dırnaqlarında şişkinlik yaranıb. Daha sonra heyvanlar yemdən kəsilərək halsızlaşıb və tələf olmağa başlayıblar.
Fermer bildirir ki, indiyədək 4 baş iribuynuzlu heyvan ölüb. Onun sözlərinə görə, təsərrüfatdakı digər heyvanlarda da eyni əlamətlər müşahidə olunur və onların da xəstəliyə yoluxduğu ehtimal edilir.
Təsərrüfat sahibi heyvanların dabaq xəstəliyinə yoluxduğunu düşündüyünü bildirir. O iddia edir ki, heyvanlara qabaqlayıcı məqsədlə dabaq əleyhinə vaksin vurulsa da, bu, xəstəliyin və tələfatın qarşısını almayıb.
Bundan başqa, analoji halların Cəlilabad rayonunun digər kəndlərində də müşahidə olunduğu bildirilir. (Teleqraf)