Dənizdən dağlara: Soyuq hava ünvanı dəyişdi

Dənizdən dağlara: Soyuq hava ünvanı dəyişdi   Sosial

Havaların qəfildən soyuması çoxlarının payızla bağlı planlarını da dəyişib.

Təbiətdə açıq havada əylənməyi sevənlər artıq soyuq mövsümün ən dadlı yeməklərinin verildiyi məkanlara can atırlar. Maraqlıdır, payızdan zövq almaq istəyənlər daha çox hansı rayonlara üz tuturlar? Bölgələrdə payız turizm mövsümü ilə bağlı vəziyyət necədir? Hotellərə və istirahət mərkəzlərinə tələbat hansı səviyyədədir?

Məsələ ilə bağlı News24.az-a açıqlama verən turizm üzrə ekspert Rəhman Quliyev bildirib ki, son günlərin soyuq havası daxili turizmlə bağlı müəyyən dəyişiklik yaradıb: “Yay aylarında əsasən dəniz və istirahət mərkəzlərinə üstünlük verən turistlər payızın gəlişi ilə daha çox dağlıq və təbiət ərazilərinə yönəlirlər.

Bu baxımdan Qəbələ, Quba, Qusar, Şəki, Qax, Zaqatala, İsmayıllı və Şamaxı kimi rayonlar qarşıdakı dövrdə daha çox seçilən istiqamətlər sırasındadır. Xüsusilə həftəsonu 1-2 günlük səfərlər, ailəvi istirahət, kənd evləri, hotel kompleksləri, milli mətbəx və ekoturizm məhsullarına tələbin artması gözlənilir”.

Ekspertin sözlərinə görə, payız mövsümünün əsas üstünlüklərindən biri turistlərə daha sakit mühitdə təbiəti və regionların yerli mədəniyyətini kəşf etmək imkanı yaratmasıdır: “Təbii ki, regionlarda turistik məkanlara istirahət obyektlərinə turist axını yay mövsümü ilə müqayisədə qismən azalır. Amma bu, turizmin zəifləməsi deyil, mövsümi tələbin dəyişməsi kimi qiymətləndirilməlidir. Hazırda əsas məsələ regionları yalnız yay turizminə deyil, payız-qış mövsümünə də uyğunlaşdırmaq, formalaşdırmaqdır.

Qastronomik turlar, təbiət yürüşləri, kənd turizmi, sağlamlıq və spa xidmətləri, eləcə də qış turizmi bu istiqamətdə mühüm potensiala malikdir. Hesab edirəm ki, düzgün marketinq və münasib qiymət siyasəti həyata keçirildiyi halda regionlarımızda turist axınını ilboyu sabit saxlamaq mümkündür. Ümumilikdə, havaların soyuması rayon turizmi üçün mövsümün sonu deyil, Azərbaycanın payız və qış turizm potensialının daha fəal şəkildə təqdim olunması üçün yeni mərhələnin başlanğıcıdır”.