Şah İsmayılla bağlı mübahisə böyüyür - Fazil Mustafanın tənqidlərinə alim cavabı
Sosial
Bir müddətdir sosial şəbəkələrdə Şah İsmayıl Xətai ilə bağlı müzakirələr və fikir ayrılıqları səngimək bilmir. Buna səbəb bir neçə gün əvvəl deputat Fazil Mustafanın Şah İsmayıl Xətai haqqında səsləndirdiyi tənqidi fikirlər olub. Deputat Xətainin Azərbaycanın mənəvi həyatında ciddi rolunun olmadığını bildirib.
Bu açıqlamadan sonra məsələ ictimaiyyət arasında geniş müzakirəyə səbəb olub. Jurnalistlər, tarixçilər və ictimai şəxslər arasında mövzu ilə bağlı fikir ayrılığı yaranıb. Bəzi şəxslər Fazil Mustafanın fikirlərini dəstəkləyərək Şah İsmayılın fəaliyyətinin fərqli aspektlərdən qiymətləndirilməli olduğunu bildirsə də, digər tərəf onun bu fikirlərini sərt şəkildə tənqid edib.
Mübahisələrin fonunda Şah İsmayıl Xətainin Azərbaycan tarixində və milli-mədəni düşüncəsindəki rolu, Səfəvilər dövlətinin mahiyyəti və bu tarixi şəxsiyyətə müasir yanaşmanın necə olması məsələsi yenidən gündəmə gəlib.
Məsələ ilə bağlı News24.az-a danışan türkoloq-alim Faiq Ələkbərli bildirib ki, Səfəvilər dövləti və onun qurucusu Şah İsmayıl Xətai ilə bağlı mübahisələrə son qoymaq üçün ilk növbədə həmin dövrün tarixi şəraiti və siyasi reallıqları nəzərə alınmalıdır:
"Səfəvilər dövlətinin, ilkin adı ilə Qızılbaşlar dövlətinin necə meydana gəldiyi və bunun hansı səbəblərlə bağlı olduğu dərindən araşdırılmalıdır. Biz Səfəvilər dövlətinin necə meydana gəldiyini və yaranmasının səbəblərini dərindən öyrənməli və təhlil etməliyik. Eyni zamanda, 1979-cu ildən sonra İranda formalaşan rejimin bu məsələdən hansı məqsədlərlə istifadə etməyə çalışdığını da aydınlaşdırmaq lazımdır. İranın Səfəvilər dövlətinə yanaşması ilə Azərbaycanın yanaşmasının eyni olmasını gözləmək mümkün deyil".
Alim qeyd edib ki, Səfəvilər dövlətinin yaranmasında əsas rolu türk tayfaları oynayıb. Onun sözlərinə görə, Ustaclılar, Şamlılar, Əfşarlar, Qacarlar və digər türk tayfaları dövlətin formalaşmasında mühüm rol daşıyıblar:
Ağqoyunlu və Qaraqoyunlu dövlətlərindən sonra bölgədə Osmanlı imperiyası əsas güc mərkəzlərindən biri idi və belə bir şəraitdə Qızılbaşlar dövlətinin meydana çıxması mühüm tarixi hadisə hesab olunmalıdır. Səfəvilərin siyasətində məzhəb amili zaman keçdikcə daha ciddi rol oynamağa başlayıb. Şübhəsiz ki, müəyyən mərhələdən sonra Səfəvilər şiə dövlətinə çevrilməyə başladı. Lakin dövlətin ilkin yaranma məqsədini yalnız İslam dünyasını parçalamaq kimi qiymətləndirmək doğru deyil. Burada əsas məsələlərdən biri yeni və güclü siyasi qüvvənin meydana çıxması idi".
O qeyd edib ki, Səfəvilər dövlətinin sonrakı dövrlərində məzhəb amili daha da güclənib və bundan müxtəlif siyasi qüvvələr öz maraqları üçün istifadə ediblər.
"Səfəvilər dövlətinə münasibətdə həm tarixi reallıqları nəzərə almaq, həm də həmin dövrün problemlərini obyektiv qiymətləndirmək lazımdır. Səfəvilər dövlətinin Azərbaycan və türk dövləti olması fikrini populist yanaşmalarla deyil, ciddi tarixi əsaslarla ortaya qoymaq lazımdır. Bu istiqamətdə kifayət qədər araşdırmalar da aparılıb. Eyni zamanda, həmin dövrdə baş vermiş problemləri görmək, onları demək və yazmaq lazımdır. Lakin Səfəvilər dövlətindən imtina etmək və ya Şah İsmayılın üzərinə olmayan məsələləri qoymaq da doğru deyil".
Alim hesab edir ki, Azərbaycanın tarixini Səfəvilər dövləti olmadan təsəvvür etmək mümkün deyil:
"Yanlışı və doğrusu ilə Səfəvilər Azərbaycanın tarixinin mühüm hissəsidir. Biz çalışmalıyıq ki, Səfəvilər dövlətinin hansı əsaslarla Azərbaycan-türk dövləti olduğunu ciddi şəkildə ortaya qoyaq. Eyni zamanda, həmin dövrdə baş vermiş hadisələrə obyektiv yanaşmalı və səhvləri də qiymətləndirməliyik".