Dərslər başlayır: Bakıda tıxaclar artacaq?

Dərslər başlayır: Bakıda tıxaclar artacaq? Sosial

Yay başlayandan bəri paytaxtda insan və avtomobil sıxlığı səngimədi. Məzuniyyət ayı, məktəb və universitetlərdə tədrisə fasilə verilməsi belə bu sıxlığı seyrəltmədi. Artıq yeni tədris ilinin başlamasına sayılı günlər qalıb.

Bəs dərslər başlayandan sonra Bakının sıxlıq problemi necə həll olunacaq? Ümumiyyətlə, paytaxtda nəqliyyat yükünün artmasına hansı amillər təsir edir?

Məsələ ilə bağlı News24.az-a danışan nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, sentyabrın 15-dən etibarən paytaxtda nəqliyyat sıxlığının daha da artacağı gözlənilir.

"Yeni tədris ilinin başlaması ilə sərnişin və avtomobil sayının artması qaçılmazdır. Bu səbəbdən həm sürücülər, həm də sərnişinlər səfərlərini əvvəlcədən planlaşdırmalı və alternativ marşrutlardan istifadə etməlidirlər. Hazırda sıxlığa ən ciddi təsir göstərən amillərdən biri metro xətlərinin ayrılması ilə əlaqədar “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkətinin dayandırılmasıdır".

Ekspert qeyd edib ki, bu məhdudiyyət nəqliyyat sıxlığına ciddi təsir göstərir:

"Xətlərin ayrılması ilə bağlı işlər uzun illərdir planlaşdırılırdı və artıq bununla bağlı qərar qəbul edilib. Bu səbəbdən qarşıdakı dövrdə sərnişinlər və sürücülər vəziyyəti nəzərə alaraq hərəkətlərini əvvəlcədən planlaşdırmalıdırlar. Metro xətlərinin ayrılması ilə bağlı həyata keçirilən işlər paytaxtda nəqliyyat yükünü artıran ən mühüm amillərdən biridir. Hazırda bu layihə üzrə işlərin aparılması müəyyən məhdudiyyətlər yaradır".

Ekspert xüsusilə tələbə və şagirdlərin, eləcə də onların valideynlərinin bu məsələyə əvvəlcədən diqqət yetirməsinin vacib olduğunu qeyd edib. Onun sözlərinə görə, yaşayış yeri, iş yeri və təhsil müəssisəsi seçilərkən məsafənin mümkün qədər qısa olması gələcəkdə nəqliyyat problemlərinin təsirini azaltmağa kömək edə bilər:

“İnsanlar səhərlər yola çıxarkən vəziyyəti nəzərə almalıdırlar. Tələbələr ev kirayələyərkən, iş yeri seçərkən, valideynlər isə uşaqlarını məktəbə yerləşdirərkən məsafəyə diqqət etməlidirlər. Ev, iş yeri və məktəb mümkün qədər bir-birinə yaxın olmalıdır”.