"Digər ölkələrlə də dəmir yolu əlaqələrinin bərpası gündəmə gələ bilər" - Deputat
Sosial
Azərbaycan Dəmir Yollarının 26 may 2026-cı il tarixindən etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin daşımalarını bərpa etməsi ölkədə yenidən quru sərhədlərlə bağlı müzakirələri gündəmə gətirib. Uzun müddətdən sonra beynəlxalq dəmir yolu əlaqəsinin yenidən fəaliyyətə başlaması ictimaiyyətdə Azərbaycanın digər qonşu ölkələrlə də quru sərhədləri aça biləcəyi və ya ən azı dəmir yolu vasitəsilə sərnişin daşımalarını bərpa edə biləcəyi ilə bağlı suallar yaradıb.
Xüsusilə pandemiyadan sonra bağlı qalan quru sərhədlərin taleyi, region ölkələri ilə nəqliyyat əlaqələrinin genişlənməsi və mümkün yeni marşrutların açılması yenidən aktuallaşıb. Bəs yaxın dövrdə digər istiqamətlər üzrə də nəqliyyatın, qatarların bərpası mümkündürmü?
Məsələ ilə bağlı News24.az-a danışan Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, Gürcüstanla dəmir yolu əlaqəsinin bərpası və sərnişin daşımalarının yenidən həyata keçirilməsi olduqca mühüm və müsbət hadisədir:
"26 may tarixindən etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin daşımalarına start veriləcək və bu, uzun fasilədən sonra regionda nəqliyyat əlaqələrinin genişlənməsi baxımından əhəmiyyətli addım hesab olunmalıdır. Sosial şəbəkələrdə və müxtəlif platformalarda məsələ daha çox biletlərin qiyməti və digər texniki detallarla bağlı müzakirə olunsa da, əsas diqqət yetirilməli məqam quru sərhədlərin dəmir yolu vasitəsilə açılmasıdır. Artıq həm Azərbaycan, həm Gürcüstan vətəndaşları, eləcə də hər iki ölkədə yaşayan əcnəbilər rahat şəkildə qatar vasitəsilə səfər etmək imkanı əldə edəcəklər".
Deputat vurğulayıb ki, son 6 ildə quru sərhədlərinin bağlı qalması səbəbindən vətəndaşlar tərəfindən dəfələrlə müraciətlər səsləndirilirilib:
"Dəmir yolu əlaqəsinin bərpası məhz bu baxımdan mühüm addımdır və prosesə pozitiv yanaşmaq lazımdır. Bu qərar eyni zamanda müəyyən mənada presedent rolunu da oynaya bilər. Pandemiya dövründə yaranmış risklər və təhlükəsizlik məsələləri nəzərə alınaraq sərhəd keçidlərində yeni prosedurlar formalaşdırılıb. Hazırda sərnişin daşımalarının həmin prosedurlara uyğun şəkildə həyata keçirilməsi həm təhlükəsizlik risklərinin minimuma endirilməsinə, həm də müdafiə mexanizmlərinin daha effektiv işləməsinə imkan yaradacaq".
Onun sözlərinə görə, sistem tam şəkildə formalaşdıqdan və Bakı–Tbilisi marşrutu üzrə sərnişin daşımalarının effektivliyi aidiyyəti qurumlar tərəfindən müsbət qiymətləndirildikdən sonra digər istiqamətlər üzrə də dəmir yolu əlaqələrinin bərpası gündəmə gələ bilər. Deputat qeyd edib ki, gələcəkdə Rusiya, İran və digər ölkələrlə dəmir yolu vasitəsilə sərnişin daşımalarının yenidən təşkil olunması ilə bağlı məsələlərə baxılması mümkündür.
Azər Allahverənov Ermənistanla kommunikasiyaların açılması məsələsinin isə fərqli müstəvidə qiymətləndirilməli olduğunu deyib:
"Hazırda Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi davam edir, lakin hələ sülh müqaviləsi imzalanmayıb. Hazırda Azərbaycan ərazisi vasitəsilə Ermənistana müəyyən yüklərin, o cümlədən neft məhsullarının daşınması həyata keçirilir və bu da regionda münasibətlərin yumşalmasına xidmət edən müsbət addımlardan biridir. Sülh müqaviləsinin imzalanması müəyyən siyasi proseslərdən, xüsusilə Ermənistan Konstitusiyasına dəyişikliklərlə bağlı referendum məsələsindən asılıdır".