Dil siyasəti milli təhlükəsizliyin ayrılmaz hissəsidir

Dil siyasəti milli təhlükəsizliyin ayrılmaz hissəsidir Sosial

Dil hər bir xalqın tarixi yaddaşını, milli kimliyini, mədəni irsini və mənəvi dəyərlər sistemini yaşadan ən ali sərvətdir. O, yalnız ünsiyyət vasitəsi deyil, eyni zamanda milli təfəkkürün, ictimai şüurun, dövlətçilik ənənələrinin və sivilizasiya yaddaşının daşıyıcısıdır. Xalqın keçmişi ilə gələcəyi arasında möhkəm mənəvi körpü yaradan ana dili milli varlığın fəlsəfi mahiyyətini müəyyən edən başlıca amillərdəndir. Bu baxımdan 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü təkcə təqvim əhəmiyyətli tarix deyil, həm də milli özünüdərkin, dövlətçilik ideologiyasının və milli-mənəvi dəyərlərə sədaqətin ifadəsidir.

Müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyev ana dilinin qorunmasını dövlət müstəqilliyinin ideoloji dayaqlarından biri kimi qiymətləndirmişdir. Ulu Öndər yaxşı bilirdi ki, siyasi müstəqillik yalnız milli-mənəvi dəyərlərin, xüsusilə də ana dilinin qorunduğu şəraitdə davamlı ola bilər. Məhz onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusu möhkəmləndirilmiş, latın qrafikalı Azərbaycan əlifbasına keçid təmin edilmiş, dil siyasəti dövlət quruculuğunun ayrılmaz tərkib hissəsinə çevrilmişdir.

Heydər Əliyevin “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir” fikri dilin ontoloji və fəlsəfi mahiyyətini özündə ehtiva edir. Bu fikir göstərir ki, dil sadəcə sözlər sistemi deyil, xalqın ruhunu, milli xarakterini və tarixi yaddaşını yaşadan mənəvi substansiyadır. Onun “Dilinizi qoruyun!” çağırışı bu gün də hər bir azərbaycanlı üçün milli məsuliyyət manifesti kimi səslənir. Çünki dili qorumaq milli kimliyi, dövlətçiliyi və müstəqilliyi qorumaq deməkdir.

Ulu Öndərin müəyyən etdiyi milli dövlətçilik konsepsiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur” fikri ana dilimizin ifadə imkanlarına verilən yüksək qiymətin, milli-mənəvi dəyərlərə ehtiramın və dövlətçilik siyasətinin konseptual mahiyyətinin ifadəsidir. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan dilinin informasiya məkanında, elm və təhsil sistemində, rəqəmsal mühitdə tətbiqinin genişləndirilməsi, dövlət dilinin saflığının qorunması istiqamətində həyata keçirilən ardıcıl siyasət milli dövlətçiliyin mühüm strateji istiqamətlərindən biridir.

Dövlətçilik yalnız siyasi institutlarla və iqtisadi güclə ölçülmür. Dövlətin qüdrəti onun milli-mənəvi dəyərlərinə, ana dilinə, mədəniyyətinə və vətəndaşlarının milli şüuruna söykənir. Bu baxımdan Azərbaycan dili ilə Azərbaycan Ordusu eyni amalın – müstəqil dövlətin qorunmasının iki ayrılmaz sütunudur. Əgər Azərbaycan Ordusu dövlətimizin ərazi bütövlüyünü və suverenliyini qoruyursa, ana dilimiz xalqımızın mənəvi sərhədlərini, milli kimliyini və tarixi yaddaşını yaşadır. Hər ikisi dövlətçiliyimizin təhlükəsizliyini təmin edən müqəddəs dəyərlərdir.

2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər yalnız hərbi qələbə deyil, həm də milli ruhun, Azərbaycançılıq ideologiyasının və dövlət-vətəndaş birliyinin təntənəsi idi. Azərbaycan əsgəri döyüş meydanında yalnız silahın gücü ilə deyil, ana dilində formalaşmış vətənpərvərlik hissi, milli kimlik şüuru və dövlətə sonsuz sədaqəti ilə qalib gəldi. Qələbə salnaməsi Azərbaycan dilində yazıldı, şəhidlərimizin müqəddəs andı, qazilərimizin qürur dolu sözləri ana dilimizin qüdrətini bütün dünyaya nümayiş etdirdi.

Qloballaşma və sürətli informasiya axını şəraitində milli dillərin qarşısında yeni çağırışlar meydana çıxır. Xarici dillərin təsiri, rəqəmsal kommunikasiya və süni intellekt texnologiyalarının inkişafı ana dilinin saflığının qorunmasını daha da aktuallaşdırır. Buna görə də Azərbaycan dilinin zəngin leksik-semantik imkanlarının qorunması, elmi terminologiyanın inkişaf etdirilməsi, gənc nəslin yüksək nitq mədəniyyəti ruhunda tərbiyə olunması dövlətçilik strategiyasının mühüm istiqamətlərindən biridir.

Dil siyasəti əslində milli təhlükəsizlik siyasətinin ayrılmaz hissəsidir. Çünki dil milli birliyin, ideoloji bütövlüyün və dövlət suverenliyinin mənəvi təminatçısıdır. Dövlət sərhədlərini Azərbaycan Ordusu qoruyur, milli sərhədlərimizi isə Azərbaycan dili yaşadır. Bu vəhdət Azərbaycanın müstəqilliyini, milli birliyini və gələcək inkişafını təmin edən ən möhkəm dayaqlardandır.

Ana dilimiz milli kimliyimizin, mədəni irsimizin və mənəvi dəyərlərimizin əsas sütunlarından biridir. Azərbaycan dilini qorumaq, zənginliyini yaşatmaq və gələcək nəsillərə ötürmək hər birimizin məsuliyyətidir.

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə hər bir vətəndaşı ana dilimizin saflığını qorumağa, onu sevə-sevə öyrənməyə və gündəlik həyatımızda düzgün tətbiq etməyə çağırırıq. Çünki dilimiz milli varlığımızın ruhu, dövlətçiliyimizin mənəvi dayağı, qalib Azərbaycanın sarsılmaz ideoloji sütunu və müstəqilliyimizin əbədi rəmzidir. Ulu Öndər Heydər Əliyevin müdrik vəsiyyətini daim rəhbər tutaq: “Dilinizi qoruyun!

Günay Miri

Dil siyasəti milli təhlükəsizliyin ayrılmaz hissəsidir