DİM-dən PİSA tapşırıqları - Abituriyentlərdən nə tələb olunacaq?
Sosial
Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanlarda PISA tipli tapşırıqlar tətbiq edilə bilər. Bu barədə Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev deyib.
Onun sözlərinə görə, son dövrlərdə DİM PISA tipli, bacarıq əsaslı tapşırıqların hazırlanması istiqamətində fəaliyyətə başlayıb.
Maraqlıdır, bəs PISA tipli tapşırıqlar nədir və onların imtahanlarda tətbiqi necə nəzərdə tutulur? Bu dəyişiklik abituriyentlərin biliklərinin qiymətləndirilməsinə necə təsir edəcək və onların hansı bacarıqlarının inkişafına imkan yaradacaq? Eyni zamanda, yeni yanaşmanın abituriyentlər üçün üstünlükləri nələrdir?
Bu barədə News24.az-a açıqlama verən Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil məsələləri üzrə mütəxəssis Əmrah Həsənli qeyd edib ki, PISA beynəlxalq şagird qiymətləndirmə proqramıdır: “Bu tədqiqat şagirdlərin əzbərlədiyi nəzəri bilikləri deyil, 15 yaşlı gənclərin həmin bilikləri real həyatda tətbiq etmək, tənqidi düşünmək, oxu, riyaziyyat və təbiət elmləri üzrə bacarıqlarını, həmçinin problem həll etmə qabiliyyətini qiymətləndirir.
Elnur Əliyevin də qeyd etdiyi kimi, Dövlət İmtahan Mərkəzinin imtahanlarında PISA tipli tapşırıqların tətbiqinə başlanması təhsil sistemi üçün çox mühüm mərhələdir. Bu, imtahan fəlsəfəsinin tədricən “nə bilirsən?” sualından daha çox “bildiyin informasiyadan necə istifadə edirsən?” modelinə keçdiyini göstərir”.

Onun sözlərinə görə, şagirdlər üçün yalnız təhsil düsturlarını və qaydaları əzbərləmək kifayət etməyəcək: “Onlar həmin düstur və qaydaları real həyat situasiyalarında, qrafik, cədvəl və mətnaltı mənaların təhlilində tətbiq etməyi bacarmalıdırlar.
Bu dəyişiklik həm təhsil sisteminə, həm də gənclərin gələcək şəxsi və peşəkar inkişafına bir sıra strateji üstünlüklər qazandıracaq. Ən böyük üstünlüklərdən biri əzbərçi təhsil modelinin tədricən aradan qalxmasıdır. Gənclər mətnləri mexaniki şəkildə yadda saxlamaq əvəzinə, məntiqi əlaqələr qurmağı, səbəb-nəticə münasibətlərini müəyyənləşdirməyi və funksional savadlılığı öyrənəcəklər.
PISA tipli tapşırıqlar şagirdlərdə tənqidi düşüncə, informasiya savadlılığı və qərarvermə bacarıqlarını inkişaf etdirir. Bu, onların təkcə universitetə qəbuluna deyil, gələcəkdə əmək bazarında rəqabət qabiliyyətli kadr kimi formalaşmasına da kömək edəcək”.
Həmçinin qəbul və buraxılış imtahanlarının PISA, TIMSS və digər beynəlxalq qiymətləndirmə proqramlarına yaxınlaşması Azərbaycan gənclərinin beynəlxalq təhsil mühitinə və xarici universitetlərin tələblərinə uyğunlaşmasını asanlaşdıra bilər.
Ekspert həmçinin imtahan modelinin dəyişməsi sinifdəki tədris prosesinə də müsbət təsir göstərəcəyini bildirib: “Müəllimlər dərsləri yalnız nəzəri biliklər üzərində deyil, interaktiv və tətbiqi tapşırıqlar əsasında qurmağa başlayacaqlar. Bu isə dərslərin həm marağını, həm də keyfiyyətini artıracaq.
Düşünürəm ki, PISA tipli tapşırıqların imtahanlara inteqrasiyası abituriyentlər üçün əlavə çətinlik kimi qəbul edilməməlidir. Əksinə, bu addım onların yalnız testləri həll edən deyil, düşündüklərini tətbiq edə bilən, analitik təfəkkürə malik fərdlər kimi yetişməsinə xidmət edir”.