Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı Sosial

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb.

News24.az xəbər verir ki, səfər proqramına uyğun olaraq diplomatlar Xankəndi və Şuşa şəhərlərində bir sıra məkanları ziyarət edib, həyata keçirilən bərpa-quruculuq işləri və yaradılan infrastrukturla tanış olublar.

Diplomatik korpusun nümayəndələri əvvəlcə Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksində aparılan işlərlə tanış olublar. İştirakçılara kompleksdə görülən işlər barədə məlumat verilib.

Daha sonra Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzi ziyarət edilib. Burada Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev səfər iştirakçılarını salamlayıb.

Diplomatlar “Zəfər” parkını ziyarət edib, Zəfər tağının qarşısında xatirə şəkli çəkdiriblər.

Səfər çərçivəsində Qarabağ Universiteti ilə də tanışlıq olub. Universitetdə yaradılan şərait və ali təhsil müəssisəsinin fəaliyyəti barədə nümayəndə heyətinə məlumat verilib.

Diplomatik korpusun nümayəndələri, həmçinin Xankəndidə fəaliyyət göstərən “AzCotton” MMC-nin tikiş fabrikini ziyarət edərək müəssisənin fəaliyyəti ilə tanış olublar.

Səfər daha sonra Şuşa şəhərində davam edib. Diplomatlara şəhərdə həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumat verilib, onlar Yeni Şuşa məscidinin tikintisinə baxış keçiriblər.

Nümayəndə heyəti Cıdır düzü, Qarabağ küçəsi və Şuşa mərkəzi meydanını, həmçinin “Sadıqcanın evi”ni və Yuxarı Gövhər ağa məscidini ziyarət edib. Şuşa mərkəzi meydanında yerləşən güllələnmiş büstlərə də baxış keçirilib.

Diplomatlar Şuşa Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olub, daha sonra Şuşa qala divarlarını ziyarət edərək burada xatirə şəkli çəkdiriblər.

Səfər iştirakçıları Şuşanın birinci yaşayış məhəlləsində yaradılan şəraitlə tanış olub və şəhər sakinləri ilə görüşüblər.

Günün sonunda diplomatik korpusun nümayəndələri Meksika Birləşmiş Ştatlarının Müstəqillik Günü münasibətilə Şuşada təşkil olunan rəsmi qəbulda iştirak ediblər.

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri sentyabrın 12-də davam etdiriləcək.