Doğum azalır, erkən ölümlər artır – Azərbaycanda bu statistika narahatlıq yaratdı

Doğum azalır, erkən ölümlər artır – Azərbaycanda bu statistika narahatlıq yaratdı Sosial

Azərbaycanda təbii əhali artımının dinamikasında azalma meyli davam edir. Bu il ölkədə əhali artımının təxminən 22,5 min nəfər olacağı gözlənilir ki, bu da son illərin ən aşağı göstəricisidir. Ötən illər üzrə məlumatlar da təbii artımın ilbəil sürətlə azaldığını göstərir.

Belə ki, 2022-ci ildə təbii artım 62 036 nəfər təşkil etdiyi halda, 2023-cü ildə 53 625 nəfərə, 2024-cü ildə isə 44 119 nəfərə düşüb. Ötən - 2025-ci ildə isə bu göstərici 36 041 nəfərə qədər geriləyib. Beləliklə, son 4-5 ilin statistika müqayisəsi göstərir ki, ölkədə əhali artımının tempində iki dəfədən çox azalma qeydə alınıb.

Azərbaycanda əhali artımı niyə ildən-ilə azalır?

Məsələ ilə bağlı News24.az-a danışan Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli bildirib ki, Azərbaycanda əhali artımının zəifləməsinin əsas səbəblərindən biri doğum sayının azalmasıdır.

"20 il əvvəl Azərbaycanda il ərzində təxminən 170 min uşaq doğulduğu halda, 2026-cı ildə bu rəqəmin 90 min civarında olacağı proqnozlaşdırılır. Ötən il təxminən 95 min doğum qeydə alınıb. Bu il isə həmin göstəricinin daha 5 min azalaraq 90 min ətrafında olacağı gözlənilir. Birinci səbəb doğumların sayının azalmasıdır. İkincisi, Azərbaycanda ölüm halları cavanlaşıb və erkən ölümlərin sayı artıb. Bu da əhali arasında xəstəliklərin çoxalması ilə əlaqədardır. Burada qidalanmanın keyfiyyəti, insanların öz sağlamlıqlarına lazımi diqqət yetirmək imkanlarının məhdud olması kimi amillər də rol oynayır”.

İqtisadçı qeyd edib ki, doğumların azalması və ölüm hallarının artması ölkədəki sosial-iqtisadi vəziyyətlə də bağlıdır.

“Statistik məlumatlarda gəlirlərin artdığı göstərilsə də, real gəlirləri və inflyasiyanı nəzərə almaq lazımdır. Məsələn, gəlirlərin 10 faiz artması müşahidə olunursa, lakin inflyasiya 7-8 faiz təşkil edirsə, real gəlir artımı çox aşağı olur. Üstəlik, gündəlik tələbat mallarının, xüsusilə ərzaq məhsullarının qiymət artımı ümumi inflyasiyanı da üstələyə bilir. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, əhalinin böyük hissəsi gəlirlərinin təxminən 50 faizini gündəlik tələbat mallarına və ərzaq məhsullarına xərcləyir. Avropada isə bu göstərici təxminən 10-15 faiz civarındadır”.

Ekspertin sözlərinə görə, əhali sayının azalmasına təsir edən digər amil ölkədən xaricə miqrasiyanın artmasıdır.