Elektrik kəsintisinə necə hazırlaşmalı?
Sosial
Elektrik enerjisinin nə vaxt kəsiləcəyini və nə qədər davam edəcəyini əvvəlcədən dəqiq proqnozlaşdırmaq mümkün deyil. Lakin əvvəlcədən görülən bəzi tədbirlər həm ailənin təhlükəsizliyini təmin edə, həm də maddi zərərin qarşısını ala bilər.
News24.az xəbər verir ki, "Better Homes & Gardens" nəşrinə danışan enerji üzrə mütəxəssis Klement Fen elektrik kəsintisi zamanı görülməsi vacib olan addımları açıqlayıb.
Onun sözlərinə görə, kəsinti ehtimalı yarandıqda mobil telefon və noutbuk kimi cihazlar tam doldurulmalı, fənərlər və ehtiyat batareyalar hazır saxlanılmalıdır. Mümkünsə, ehtiyat generatorun olması da tövsiyə edilir.
Elektrik kəsildikdən sonra isə əvvəlcə problemin yalnız evə, yoxsa bütün məhəlləyə aid olduğu müəyyənləşdirilməli, daha sonra enerji təchizatçısına məlumat verilməlidir.
Mütəxəssislər həmçinin soyuducunun qapısını mümkün qədər az açmağı, gərginlik sıçrayışından qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmağı və qış aylarında boruların donmaması üçün zəruri tədbirlər görməyi məsləhət görürlər.