Ermənistan sülh müqaviləsinin imzalanması prosesini niyə ləngidir? - Vüqar Rəhimzadə
Sosial
“Azərbaycanın 2023-cü ildə öz suverenliyini tam bərpa etməsindən sonra Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olması üçün tarixi imkan yaransa da, yekun sülh müqaviləsinin imzalanması prosesi hələ də uzanmaqdadır. Prezident İlham Əliyev bu günlərdə Azərbaycanın ev sahibliyi etdiyi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə sülhə gedən yolu geniş təhlil edərək mühüm çağırışlar səsləndirdi. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən, bir günlük antiteror tədbirləri nəticəsində suverenliyimizin tam bərpasından geniş bəhs edən dövlət başçısı İlham Əliyev “Müharibə bizim seçimimiz olmayıb” çağırışı edərək bu reallığı xüsusi qeyd etdi ki, bizi müharibəyə Ermənistan məcbur edib”.
News24.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə mediaya açıqlamasında bildirib.
O qeyd edib ki, onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər:
“Amma onların hamısı yanıldı, yəqin onlar bizim qürurlu, azadlıqsevər, adət-ənənələrimiz və əxlaqi dəyərlərimizlə yaşayan xalqımızın xasiyyətini yaxşı tanımırdılar. Biz müharibədə qalib gəldik, işğalçıları torpaqlarımızdan qovduq. Prezident İlham Əliyev bu məqamı xüsusi vurğuladı ki, biz sülh təklif etdik və bir ildən bir az çoxdur ki, sülh içində yaşayırıq. Bu sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır.
Təbii ki, sülhün kövrək olması regiondakı və onun hüdudlarından kənardakı bəzi revanşist qüvvələrin hələ də köhnə iddialardan tam əl çəkməməsi ilə bağlıdır. Belə bir həssas dönəmdə əldə olunmuş sülhü, təhlükəsizliyi qorumaq, onu daha da möhkəmləndirmək əsas çağırışdır. Sülh sadəcə müharibənin olmaması deyil, gələcək inkişafın, quruculuğun və sabitliyin fundamental bünövrəsidir. Bu ilin iyun ayında Ermənistanda keçirilən parlament seçkilərində hakim “Vətəndaş Müqaviləsi” Partiyasının qələbəsindən, avqust ayında 2026-2031-ci illər üçün Hökumət Proqramının qəbul edilməsindən sonra sülh gündəliyinin canlanması gözlənilirdi. Lakin real proseslər ciddi maneələrin qaldığını göstərir. Ermənistan hakimiyyəti 2026-2031-ci illər üçün Hökumət Proqramında Azərbaycanla sülhün rəsmiləşdirilməsini hədəfləsə də, Nikol Paşinyanın prosesin 2031-ci ilədək uzana biləcəyinə dair açıqlamaları və konstitusiya islahatları ilə bağlı ləngidici addımlar sülh gündəliyinin sürətlənməsində tərəddüdlər yaradır”.
Milli Məclisin deputatı qeyd edib ki, 2025-ci ilin avqustunda Prezident İlham Əliyevin ABŞ-a səfəri zamanı Vaşinqtonda bərqərar olmuş de-fakto sülh çərçivəsində əldə edilən razılaşmaların ətalətinə görə rəsmi yol davam edir. Bişkekdə Azərbaycan və Ermənistan liderləri arasında keçirilən görüş konstruktiv olsa da, hələlik ən vacib sahələrdə irəliləyiş əlaməti görünmür. Bu ilin avqustunda Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində keçirilən həmin görüşdə liderlər 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirvə görüşünün, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Prezident İlham Əliyevin və baş nazir Nikol Paşinyanın imzaladıqları Birgə Bəyannamənin, həmçinin “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin paraflanmasının tarixi əhəmiyyətini vurğulayaraq birbaşa ikitərəfli təmaslar vasitəsilə davamlı sülhün daha da möhkəmləndirilməsi, dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi və bağlantıların gücləndirilməsi istiqamətində addımları davam etdirmək barədə razılığa gəldilər. Lakin Ermənistanın baş naziri Nikol Paşinyanın sülh müqaviləsinin imzalanması və ratifikasiyası üçün 2031-ci ili hədəf göstərməsi rəsmi İrəvanın sülh gündəliyini məqsədli şəkildə ləngitdiyini təsdiqləyir. Ermənistanın sülh prosesini ləngitməsinin kökündə dayanan əsas amilləri bir neçə strateji, hüquqi və hərbi istiqamət üzrə qruplaşdırmaq olar. Yekun sülhün imzalanması qarşısında ən böyük hüquqi maneə Ermənistanın Konstitusiyasıdır. Bu sənədin preambulasında Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad olunur ki, orada da Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı imperativ müddəa yer alır. Azərbaycanın mövqeyi qəti və beynəlxalq hüquqa tam uyğundur: Ermənistan öz Əsas Qanunundan Azərbaycana qarşı ərazi iddialarını çıxarmalıdır. Paşinyan hökuməti isə konstitusiya islahatlarını gecikdirir. Ermənistanın yeni Konstitusiyasının layihəsi hələ də geniş ictimaiyyətə təqdim edilməyib. Referendumdan söhbət belə getmir.
Vüqar Rəhimzadə vurğulayıb ki, razılaşdırılmış sülh gündəliyi bir sıra addımlardan ibarətdir və bunu rəsmi Bakı daim xatırladır. Yeni Konstitusiya ilə bağlı referendum, ərazi iddiaları olmayan Konstitusiyanın qəbul edilməsi və yalnız bundan sonra sülh sazişinin imzalanması və təsdiqlənməsi, Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulması üçün əsas şərtlərdir. Ermənistanda referendumun nə vaxt elan ediləcəyi və keçiriləcəyi, hər şey Ermənistan rəhbərliyindən asılıdır. Altı aydan, bir ildən, iki ildən sonra keçiriləcək, bu, Ermənistan hökumətinin qərar verməsindən asılıdır. Yeni Konstitusiya qəbul edilmədən sülh müqaviləsinin imzalanması baş tutmayacaq.
Milli Məclisin deputatı qeyd edib ki, regionda kommunikasiyaların açılması, xüsusilə Azərbaycanın əsas hissəsini Naxçıvanla bağlayacaq TRIPP nəqliyyat marşrutunun reallaşması Ermənistan üçün ciddi geosiyasi alver alətinə çevrilib. Ermənistan bu dəhliz üzərində suveren nəzarət bəhanəsi ilə təhlükəsiz keçid öhdəliyini manipulyasiya edir. Bu mövzu hökumətlərarası komissiyada müzakirə olunmadığı üçün gözlənilmədən Ermənistanda gündəmə gətirilib. Bunu komissiyanın Ermənistandan olan həmsədri, Baş nazirin müavini Mher Qriqoryan təsdiqləyib. Hökumətlərarası komissiya birgə iş üçün qaydaları və bütün müşayiət olunan sənədləri təsdiqləyib və şimal-cənub sərhədini əsas kimi qəbul edib. Yeganə istisna sərhədin TRIP-in giriş və çıxışlarındakı hissəsi ola bilər və bu, yalnız məsələ aktuallaşdıqda mümkündür.
Vüqar Rəhimzadə bildirib ki, sülh gündəliyi real hadisələr, fundamental qərarlar və qətiyyətli hərəkətlər tələb edir. Razılaşdırılmış gündəliyi dəyişdirmək ümidi ilə bölgədə dəyişikliklər gözləmək sülh gündəliyinə olan etimadı daha da sarsıda bilər. Reallıqlar bir daha Ermənistan hakimiyyətinin müstəqil siyasət yürütmək iradəsindən məhrum olduğunu təsdiqləyir. Qərbdəki müəyyən dairələr və erməni lobbisi Cənubi Qafqazda sülhün Azərbaycanın şərtləri əsasında bağlanmasını öz maraqlarına zidd hesab edirlər. Onlar İrəvanı sülhü gecikdirməyə, Avropa İttifaqının monitorinq missiyası kimi mexanizmlərlə regionda möhkəmlənməyə həvəsləndirirlər. Paşinyanın sülh müqaviləsini 2031-ci ilə qədər – yəni növbəti bir neçə seçki dövrünü əhatə edəcək müddətə qədər uzatmaq istəyi də zaman qazanmaq strategiyasının tərkib hissəsidir. Ermənistanın sülh müqaviləsinin imzalanmasını müxtəlif bəhanələrlə 5 il və ya daha artıq müddətə təxirə salmaq cəhdləri regionda sülh və sabitlik üçün ciddi risklər yaradır.
Yarımçıq və ya daxili qanunvericilikdə ərazi iddialarını saxlayan bir Ermənistanla sülh müqaviləsi bu şəkildə bağlana bilməz. Azərbaycanın bu məsələdəki qətiyyətli mövqeyi, konstitusiya dəyişikliyinin icra olunması tələbi regionu gələcək potensial münaqişələrdən qorumaq məqsədi daşıyır. Ermənistanın sülh müqaviləsini və delimitasiya prosesini ləngitmə taktikası regional sabitliyə mane olmaqla yanaşı, ilk növbədə elə rəsmi İrəvanın öz dövlətçilik maraqlarına böyük zərbə vurur. Prezident İlham Əliyevin 2024-cü ildə keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində səsləndirdiyi bu çağırışı xatırlatmaq istərdik: “Ermənistanla sülh müqaviləsinin imzalanmasının da təşəbbüskarı biz olmuşuq. Beş məlum prinsipin də müəllifi biz olmuşuq. Sülh müqaviləsinin mətnini də biz yazmışıq, Ermənistan tərəfinə göndərmişik. İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək. Mən artıq dedim, bizim qarşımızda duran çağırışlara, bizə qarşı aparılan çirkin siyasətə biz onsuz da hazır olmalıyıq. Ona görə hesab edirəm ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir. Çünki yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir, gedin, öz işinizlə məşğul olun”.