"Evimizdə otura bilmirik, iydən boğuluruq!" - Badamdarda dözülməz vəziyyət - VİDEO

"Evimizdə otura bilmirik, iydən boğuluruq!" - Badamdarda dözülməz vəziyyət - VİDEO Sosial

Bakının Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci massiv, M.Topçubaşov küçəsində yeni ucaldılan 5 mərtəbəli binanı tikən podratçı şirkətlə yerli sakinlər arasında ciddi qarşıdurma yaşanır. Tikinti şirkətinin kanalizasiya xətlərini qanunsuz şəkildə mövcud sakinlərin xəttinə calamaq istəyi və çirkab suların küçəyə axıdılması ərazini dözülməz antisanitar vəziyyətə salıb.

News24.az xəbər verir ki, M.Topçubaşov küçəsinin sakinləri illər əvvəl öz şəxsi vəsaitləri hesabına kanalizasiya xətti çəkdirib, ardından küçənin yolunu asfaltlayıblar. Uzun müddət ərazidə heç bir kommunal problem yaşanmayıb. Lakin küçədə yeni çoxmərtəbəli bina tikiləndən və mənzillərə köç başlayandan sonra vəziyyət köklü şəkildə dəyişib.

İddiaya görə, binanın podratçı şirkəti rəsmi texniki şərt və təsdiqlənmiş layihə olmadan binanın kanalizasiya xəttini sakinlərin istifadə etdiyi kiçik diametrli boruya qoşmağa cəhd edib. Sakinlər isə bildirir ki, mövcud 100-lük boru yalnız bir neçə fərdi evin və yaxınlıqdakı məktəbin yükünü güclə daşıyır. Yeni binanın onlarca mənzilinin çirkab sularının bu xəttə ötürülməsi boruların partlatması ilə nəticələnəcək.

Sakinlərin kəskin etirazlarına baxmayaraq, podratçı şirkət yolu qazaraq asfalt örtüyünü dağıdıb və binanın kanalizasiya borusunu məhlə xəttinə calayıb. Özbaşınalıqla barışmayan sakinlər elə həmin günün axşamı bu qanunsuz birləşməni sökərək ləğv ediblər.

Lakin problem bununla bitməyib, əksinə daha kəskin hal alıb. Birləşmə ləğv edildikdən sonra binanın tullantı suları birbaşa küçənin hərəkət hissəsinə axıdılmağa başlayıb. Hər gün axşam saatlarında çirkab sularının sel kimi axdığını deyən sakinlər kəskin üfünətdən evlərində otura bilmədiklərini vurğulayırlar.

Bir sözlə, ərazidə yaranan antisanitar vəziyyət sakinlərin gündəlik həyatını iflic edib. Çirkab suları artıq bəzi sakinlərin həyətlərinə və evlərinə qədər sızıb. Vəziyyətin dözülməz həddə çatması səbəbindən bəzi ailələr evlərini tərk edərək Lökbatan qəsəbəsində və digər ərazilərdə kirayə mənzillərə köçmək məcburiyyətində qalıblar.

Eyni zamanda, hər gün küçədən 50-60 nəfər məktəbli və yaşlı sakin keçir. Qazılmış yol, daşan kanalizasiya suları və kəskin qoxu xüsusilə uşaqlar və təzyiq xəstəsi olan yaşlılar üçün ciddi epidemik və sağlamlıq riski yaradır.

Sakinlər bildirir ki, Azərbaycan Respublikasının Dövlət Su Ehtiyatları Agentliyi ("Azərsu") ərazidə mərkəzi kanalizasiya xətti olmadığı üçün binaya texniki şərt verməyib və tullantı sularının ərazidəki xəstəxana binasında olduğu kimi şambo quyuları vasitəsilə daşınmasını tövsiyə edib.

Cavabdeh şəxslərin tullantı sularını qanunsuz yolla dağdan və yamacdan aşağı axıtmaq cəhdləri torpaq qatının yuyulmasına, ərazidə sürüşmə riskinin kəskin artmasına zəmin yaradır. Bu hal şəhərsalma normalarının, "Su təchizatı və tullantı suları haqqında" Qanunun və Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması deməkdir.

Məsələ ilə bağlı binanın kommunal işlərini həyata keçirən podratçı şirkətin nümayəndəsi Pərviz Əbdürrəhmanov bildirib ki, işlər başlamazdan əvvəl sakinlərin bir qismi ilə razılıq əldə olunub və 5-10 metrlik asfalt örtüyü qazılaraq bir ailənin xətti qoşulub:

"Ondan sonra digər sakinlərin narazılığı yarandı və işi saxladıq. Tullantı suların küçəyə axması qonşuların həmin borunu zədələməsi ilə bağlıdır. Bir həftə səbr etmədilər ki, texniki şərt hardan göstərilir, xətti oradan çəkək. Yarana fikir ayrılığından sonra işləri dayandırmışıq. Yaxın 3 gün ərzində rəsmi texniki şərtə uyğun şambo quyuları sistemi qurulacaq. Dağıdılmış asfalt örtüyü də bərpa olunacaq və 15–20 gün ərzində bu məsələ tam öz həllini tapacaq."

Sakinlər isə bu vədlərə inanmır və artıq məsələ ilə bağlı ölkə rəhbərliyinə müraciət ediblər. Belə ki, M.Topçubaşov küçəsinin 60 nəfər sakini imzaladıqları tkollektiv şikayət məktubunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə, "İri Şəhərlərin Birləşmiş Su Təchizatı" PHŞ-yə və Səbail Rayon İcra Hakimiyyətinə ünvanlayıblar.

Sakinlər aidiyyəti qurumlardan təcili olaraq aşağıdakı addımların atılmasını rəsmi şəkildə xahiş edirlər:

Əraziyə təcili baxış keçirilsin, çirkab su axıntısının və qanunsuz qoşulmaların qarşısı alınsın;

Qanunsuz mühəndis-kommunikasiya müdaxiləsi edən şəxslər barəsində hüquqi tədbirlər görülsün;

Qazılaraq dağıdılmış yol örtüyü (asfalt) bərpa edilsin və ərazi antisanitar vəziyyətdən təmizlənsin.

Sakinlər vəd edilən müddət ərzində aidiyyəti qurumların məsələyə müdaxilə edəcəyini və ekoloji təhlükənin aradan qaldırılacağını gözləyirlər.