Fermerlər müflis olur, marketdə isə süd 3-5 manatdır" – Şok görüntülərin PƏRDƏARXASI
Sosial
Fermerlər istehsal etdikləri südün dəyərindən xeyli aşağı qiymətə alınmasından şikayətçidirlər. Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Fermerlər bildirilər ki, heyvandarlıq təsərrüfatlarının artan yem, qulluq və digər xərcləri fonunda südün alış qiymətinin aşağı olmasından narazıdırlar. Onların sözlərinə görə, mövcud qiymətlərlə süd istehsalı xərclərini qarşılamaq getdikcə daha da çətinləşir.
Bəs südün alış qiyməti niyə bu qədər aşağıdırr?
Məsələ ilə bağlı News24.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirib ki, Azərbaycanda süd və süd məhsullarına olan tələbat yerli istehsaldan dəfələrlə çoxdur. Ekspertin sözlərinə görə, beynəlxalq normalara əsasən, bir insanın illik süd və süd məhsullarına olan tələbatı təxminən 405 litr təşkil edir. Azərbaycanda isə adambaşına düşən yerli istehsal təxminən 200 litrdir. Deməli, Azərbaycanın südə olan tələbatı indiki istehsaldan təxminən iki dəfə çoxdur. Bu baxımdan süd və süd məhsullarının idxalı da kifayət qədər yüksəkdir və son illərdə sürətlə artır. Bu ilin özündə də süd məhsullarının idxalında artım müşahidə olunur. Əgər idxal artırsa, deməli, bazarda tələbat var”.
Ekspert bildirib ki, Azərbaycanda süd və süd məhsullarının qiyməti bir çox ölkələrlə müqayisədə yüksəkdir. Onun sözlərinə görə, bu da ölkə bazarını xarici istehsalçılar üçün cəlbedici edir:
“Azərbaycan bazarı cəlbedicidir, çünki burada qiymətlər yüksəkdir. Marketlərə baxsaq, adi südün litri 2 manat 60 qəpikdən başlayaraq 3, hətta 5 manata qədər artır. Kəndlərdən gətirilən südün qiyməti isə təxminən 1 manat 40 qəpik-1 manat 70 qəpik arasında dəyişir. Halbuki digər ölkələrdə südün qiyməti Azərbaycandakı qiymətlərdən 30-40 faiz aşağıdır”.
Ekspert dünya bazarında südün ilkin alış qiymətinin də Azərbaycandakı göstəricilərdən fərqləndiyini vurğulayıb:
“Bu gün dünya bazarında südün qiyməti bizim pulla təxminən 66 qəpikdir. Söhbət ilkin bazarda, yəni məhsulun istehsalçıdan alındığı qiymətdən gedir. Görün, fermerlər nə qədər aşağı qiymətə süd satmağa məcbur olurlar. Kənd təsərrüfatı məhsullarının fermerdən istehlakçıya çatdırılması ilə bağlı ciddi infrastruktur problemləri mövcuddur. Xatırlayırsınız, ötən il pomidorunu sata bilməyən fermerlər məhsulu zibilxanalara tökdülər. Hər il belə hallarla qarşılaşırıq. Soğanın tullandığını gördük, bu il isə Bakıda qarpızın qiyməti yüksək olduğu halda, bölgələrdə fermerlər məhsullarını sata bilmədikləri üçün zibilə atdılar. Burada fermerin günahı yoxdur. Əsas problem məhsulun istehsalçıdan alıcıya çatdırılması ilə bağlı infrastrukturun düzgün qurulmamasıdır”.
O hesab edir ki, problemin əsas səbəblərindən biri Azərbaycanda bazar mexanizmlərinin tam formalaşmamasıdır:
“Biz bazar iqtisadiyyatını digər ölkələrlə, xüsusilə Qərb ölkələri, Türkiyə və İranla müqayisə edə bilərik. Orada bazar iqtisadiyyatı uzun illər ərzində formalaşıb və oturuşub. Dövlətin müvafiq qurumları siyasəti müəyyənləşdirir, amma bazarın öz işinə birbaşa müdaxilə etmir. Azərbaycanda isə bu mexanizmlərin daha da təkmilləşdirilməsinə ehtiyac var”.