Gələn il orta aylıq əməkhaqqı bu qədər artacaq
Sosial
Cari ilin 9 ayında əhalinin gəlirləri real ifadədə 3,7% artaraq 72711,7 mln. manat təşkil edib. Orta aylıq əməkhaqqı cari ilin yanvar-avqust aylarında 2025-ci ilin müvafiq dövrünə nisbətən real ifadədə 1,4% artaraq 1173,0 manata bərabər olub.
News24.az xəbər verir ki, bu barədə Hesablama Palatasının "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.
Qeyd edilib ki, "Büdcə zərfi"ndə təqdim edilən məlumatlara əsasən, ortamüddətli dövrdə əhalinin nominal gəlirləri 2027-ci ilə nisbətən 29,5 mlrd. manat artaraq 137,0 mlrd. manata yüksələcək. Müvafiq dövrdə əhalinin gəlirlərində real artım tempi 3,4%-4,0% intervalında dəyişəcək.
Ortamüddətli dövrdə əhalinin xərclərinin 2027-ci ilə nisbətən 29,0 mlrd. manat artaraq 134,1 mlrd. manata yüksələcəyi, artım tempinin 3,4%-4,0% aralığında olacağı proqnozlaşdırılır. Təhlillər ortamüddətli dövrdə əhalinin xərclərinin nominal və real artımının gəlirlərin artım dinamikasına yaxın olacağını deməyə əsas verir.
Bununla yanaşı, növbəti ildə respublika üzrə orta aylıq əməkhaqqının 8,7% artımla, yəni 1288,3 manat məbləğində nəzərdə tutulması fiziki şəxslərin gəlir vergisi üzrə proqnozların icrasına müsbət təsir edən amil kimi qiymətləndirilməlidir.
