Gözlənilməz hava şəraiti yaxınlaşır: Azərbaycan təsir edəcək?

Gözlənilməz hava şəraiti yaxınlaşır: Azərbaycan təsir edəcək? Sosial

Ümumdünya Meteorologiya Təşkilatı iyul ayında aylıq qlobal mövsümi iqlim yeniləməsinə dair yeni hesabat yayımlayıb. Hesabatda qeyd olunub ki, “Tropik Sakit okeanda “El-Nino” şəraiti formalaşıb və qarşıdakı aylarda onun sürətlə güclənəcəyi gözlənilir. Bu, dünyanın bir çox yerində istilik dalğaları, quraqlıq, güclü yağışlar və digər ekstremal hava hadisələri ehtimalını artırır”.

Cari ilin iyul–sentyabr aylarında güclü “El Nino” şəraitinin sürətlə inkişaf edəcəyinə diqqət çəkilən hesabatda bildirilib ki, Mərkəzi və Şərqi Ekvatorial Sakit okeanda suyun temperaturunda ardıcıl istiləşmə müşahidə olunur. Həmçinin, “El Nino” şəraitinin Şimal yarımkürəsində payız mövsümündə daha da güclənəcəyi və təsirinin dünyanın bir çox bölgəsinə yayılacağı proqnozlaşdırılır.

Bəs, “El Nino” Azərbaycana da təsir edə bilərmi? Ümumiyyətlə, bu hava hadisəsi qlobal istiləşməyə necə təsir edir?

Məsələ ilə bağlı News24.az-a danışan ekoloq Qorxmaz İbrahimli bildirib ki, “El Nino” Sakit okeanın ekvatorial hissəsində səth sularının normadan artıq isinməsi nəticəsində yaranan qlobal iqlim hadisəsidir:

““El Nino” birbaşa olaraq Avropada və ya Azərbaycanda baş vermir. Lakin bu hadisənin yaratdığı hava kütlələri dünyanın müxtəlif bölgələrinə, o cümlədən Avropaya və Azərbaycana təsir göstərə bilər. Bu iqlim hadisəsi nə Avropada, nə də Azərbaycanda baş verir. Bu, yalnız okeanda olur. Sadəcə, “El Nino”nun yaratdığı hava kütlələri Avropaya və digər bölgələrə təsir edir. İstər “El Nino”, istərsə də “La Nina” olsun, bunlar dünyanın müxtəlif yerlərində isti hava, bəzi ərazilərdə isə yağıntılı və soyuq hava şəraiti yarada bilər".

Ekoloq qeyd edib ki, hazırda iqlim dəyişikliklərinin gündəmdə olduğu bir dövrdür, artıq temperatur dəyişikliklərini və anomal hava şəraitini hiss edirik:

"Buna görə də “El Nino” və digər iqlim hadisələri bizi daha çox narahat etməyə başlayıb. İqlimdə dəyişikliklər Yer kürəsinin yaranmasından etibarən müxtəlif təbii proseslərin təsiri ilə baş verib. Onun sözlərinə görə, vulkan püskürmələri, zəlzələlər, ildırım nəticəsində yaranan yanğınlar, dağəmələgəlmə prosesləri və müxtəlif buzlaşma dövrləri iqlimə təsir edən təbii amillər sırasında olub".

Ekoloq bildirib ki, son dövrlərdə isə insan fəaliyyəti bu prosesləri daha da sürətləndirib:

“Bunun 50 faizi, bəlkə də, 50 faizdən çoxu antropogen amillərlə bağlıdır. İnsanlar sənayeləşmə nəticəsində karbon qazı emissiyalarını artırıblar. Müharibələr, nüvə silahlarından istifadə və canlı aləmin məhv edilməsi də təbiətdə gedən prosesləri müəyyən qədər sürətləndirib. “El Nino”nun Azərbaycana təsir edib-etmədiyini dəqiq şəkildə demək çətindir. Lakin ölkədə müşahidə olunan anomal hava şəraitinin qlobal iqlim proseslərindən ayrı qiymətləndirilməsi də düzgün deyil. Hazırda yay fəslidir və biz bir növ anomal yay yaşayırıq. Bu il Azərbaycanda yay bizim gözlədiyimiz kimi isti keçmədi. Mülayim subtropik qurşaqda yerləşən Azərbaycanda yağıntılar, güclü küləklər və sellər müşahidə olundu. O baxımdan, əlbəttə, müəyyən təsirlər var və gələcəkdə də ola bilər".